SON XƏBƏRLƏR

Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri

2021.10.20, 07:36
Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri

Gunaz.tv
Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri I yazı Dünyanın müxtəlif regionlarında, xüsusilə strateji əhəmiyyət kəsb edən bölgələrdə baş verən müharibələr və müharibələrdən sonrakı vəziyyət həmin regionun geosiyasi mühitinə mütləq şəkildə həlledici təsir göstərir. Bu baxımdan da son illərdə dünyanın güc mərkəzləri olan dövlətlərin strateji maraq dairəsi hesab edilən Cənubi Qafqaz regionunda baş verən gürcü-rus müharibəsi də regionun gələcək geosiyasi mühitinə öz həlledici təsirini göstərəcəkdir. Ymumiyyətlə, gürcü-rus müharibəsinin baş verməsinin səbəblərini və onun gələcək siyasi təsirlərini şərh etməzdən əvvəl müharibənin başlanması səbəblərinə iki mühüm aspektdən yanaşmaq lazımdır: 1. Müharibəni doğuran, yetişdirən səbəblər və şərait; 2. Müharibəyə başlamaq üçün ilkin hərbi əməliyyatların həyata keçirilməsi. Hərbi əməliyyatların başlanması səbəbi müharibəni doğuran şərtlər içərisində araşdırılmalıdır və bu hadisəyə, əslində, yetişmiş müharibəni reallaşdırmaq səbəbi kimi baxmaq lazımdır. Müharibəni yetişdirən amillər (Rusiya-ABŞ siyasi qarşıdurması) Etiraf etmək lazımdır ki, 1990-cı ildə dünyanın iki siyasi qütbündən birinin çökməsi ilə başa çatmış soyuq müharibə dövrü 2000-ci illərdən etibarən Rusiya ilə ABŞ arasında təkrar olaraq yaşanmağa başlayıb. Bunun da əsas səbəbləri içərisində Rusiyanın ABŞ-ın dünya hegemonluğu siyasəti ilə barışmaması və ABŞ-ın güclənməsindən ehtiyatlanaraq keçmiş SSRİ respublikalarında və Şərqi Avropada öz əvvəlki iqtisadi və siyasi nüfuzunu bərpa etmək siyasəti göstərilməlidir. Hələ SSRİ dağıldıqdan sonra Rusiya digər respublikaları əldən verməmək və onların birtərəfli olaraq Qərbə inteqrasiyasının qarşısını almaq üçün Pribaltika respublikalarını çıxmaq şərtilə, digər respublikaların daxil olduğu Müstəqil Dövlətlər Birliyi qurumunu da yaradaraq bu yolla özünün postsovet məkanında təsirlərini müəyyən qədər saxlaya bildi. MDB çərçivəsində Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da fəaliyyət göstərir ki, bu təşkilata üzv olan dövlətlərdə Rusiya öz hərbi üstünlüyünü və təsirlərini saxlayıbdır. Qeyd edildiyi kimi, Rusiya keçmiş SSRİ dövlətlərinin Qərbə inteqrasiyasını qısqanclıqla qəbul edir və bu dövlətlərin xüsusilə NATO ittifaqı ilə hərbi-siyasi əməkdaşlıqlarını öz dövləti üçün təhlükə hesab edir. Bu baxımdan NATO-nun Rusiya ətrafında yaratdığı "təhlükəsizlik qurşağı"na qarşı bir çox keçmiş SSRİ respublikalarından ibarət yaratmış olduğu "sərhəd təhlükəsizlik zonası"nı genişləndirmək istəyir. Lakin Rusiya bu siyasəti tam olaraq həyata keçirə bilmədiyindən, lazım olan anda həmin resbublikalara qarşı müxtəlif iqtisadi və siyasi təzyiq metodlarından, o cümlədən hərbi gücdən istifadə edir. Rusiya Cənubi Qafqaza özünün dövlət təhlükəsizliyini təmin edən əsas sərhəd zonalarından biri kimi baxır. Buna görə də Cənubi Qafqazı gələcəkdə tamamilə öz "sərhəd təhlükəsizliyi zonası"nın tərkib hissəsi kimi görmək istəyir. Nəzərə almaq lazımdır ki, digər bölgələrə nisbətən Qafqaz-Xəzər dənizi bölgəsi öz etnik tərkibinə görə Rusiya üçün cənub sərhədlərində ən təhlükəli bir zonadır. Bu baxımdan da Rusiyanın gələcək ərazi bütövlüyünün saxlanması naminə Cənubi Qafqazda tam hərbi və siyasi nəzarəti ələ keçirmək məqsədləri vardır. Rusiya konkret olaraq Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanı da NATO-ya qarşı yaratmış olduğu "sərhəd təhlükəsizliyi zonası"na cəlb etməyə çalışır. Bu nöqteyi-nəzərdən də həmin bölgələrin Qərbə inteqrasiyasına qısqanclıqla yanaşır və özünün bu proseslərdə iştirakının olmamasını qəbul edə bilmir. İştirakı təmin edilmədikdə həmin dövlətlərə qarşı müxtəlif iqtisadi və siyasi təzyiq metodlarından istifadə edir və Qərblə əməkdaşlığın baş tutmamasına çalışır. Məsələn, 2000-ci illərin ortalarında Ukraynada Qərbyönümlü şəxslərin hakimiyyətə gəlməsinə bütün vasitələrlə mane olamaq siyasəti həyata keçirildi. Hətta bu istiqamətdə Ukraynanın Şərqində yaşayan ruslardan da ictimai təzyiq vasitəsi kimi istifadə edildi. Həmçinin Gürcüstanın Qərb siyasətinə etiraz əlaməti olaraq bu dövlətin vətəndaşlarını öz ərazisindən deportasiya etdi və ticarət məhsullarının Rusiyada satılmasına qadağa qoydu. Qəbul etmək lazımdır ki, ABŞ-ın Əfqanıstan və İraqda hakimiyyəti ələ keçirməsindən ehtiyatlanan Rusiya 2000-ci illərin başlanğıcından etibarən özünün hərbi gücünü, o cümlədən hərbi texnikasını artırmaqda davam edir və hesab edir ki, NATO əsasən öz fəaliyyətini Rusiyaya qarşı yönəldibdir. Buna etiraz olaraq Rusiya ilə NATO arasında münasibətləri yaxşılaşdırmaq üçün mütəmadi olaraq keçirilən NATO-Rusiya sammitində Rusiya NATO-nun onun əleyhinə yönəldilmiş siyasətindən həmişə öz narazılığını bildirir. Rusiya NATO-nun Şərqi Avropada və Cənubi Qafqazda güclənməsindən narahat olaraq Asiyada özünə müttəfiqlər axtarır. Burada əsasən Çinin ABŞ-la tarixi soyuq münasibətlərini nəzərə alaraq bu dövləti öz tərəfinə çəkmək siyasəti yeridir. Bu məqsədlə hətta Şanxay Əməkdaşlıq Təşkilatı da fəaliyyət göstərir. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatını NATO-ya əks fəaliyyətdə olan alternativ bir hərbi-siyasi qurum kimi formalaşdırmağı qarşısına məqsəd qoyub. Təşkilata Çin və Mərkəzi Asiya dövlətləri də cəlb olunublar. Təşkilat çərçivəsində hətta birgə hərbi təlimlər də keçirilib. Hərbi təlimləri əsasən Çin və Rusiya hərbçiləri həyata keçirib. Şanxay Əməkdaşlıq Təşkilatına bcz Rusiya İranı da cəlb etməyə çalışır. Beynəlxalq aləmdə son dövrlərdə Rusiya ilə ABŞ arasında soyuq münasibətlərin yaşanmasını nəzərə alaraq və Cənubi Qafqazda Rusiya ilə yanaşı, ABŞ və Avropa dövlətlərinin, İran və Türkiyənin strateji maraqlarının formalaşması nöqteyi-nəzərindən qeyd etmək olar ki, Rusiya-Gürcüstan müharibəsi miqyasına görə regional olsa da, siyasi ölçülərinə görə qlobal xüsusiyyətlərə malikdir. Yəni burada qlobal gücə malik dövlətlərin maraqları toqquşur. Qlobal xüsusiyyətlər baxımından onu da əlavə olaraq qeyd etmək lazımdır ki, son zaman Qərbin, xüsusilə ABŞ-ın siyasəti ondan ibarətdir ki, keçmiş SSRİ-dən ayrılmış respublikaların Rusiyasız Qərbə inteqrasiyası təmin edilsin, həmin respublikalarda Rusiyanın iqtisadi və siyasi təsirləri tamamilə azalsın. Həmçinin, Avropanın Rusiyadan enerji asılılığı minimallaşdırılsın və bu məqsədlə Rusiyadan yan keçməklə Xəzərin enerji resursları Gürcüstan və Türkiyə üzərindən tranzit olaraq Avropaya çatdırılsın. Bu amil də Rusiyanı olduqca narahat edir və layihələrin reallaşdırılacağı təqdirdə Avropaya iqtisadi təsirini azaldardı. Hərbi müdaxilə Qərbin iqtisadi siyasəti qarşısında tab gətirə bilməyən Rusiyanın bir güc mərkəzi olaraq, əslində, ABŞ-a Cənubi Qafqazda hərbi güc nümayişi demək idi. Rusiya hesab edir ki, bu yolla öz gələcək iqtisadi diplomatiyasında Qərb üzərində qələbə qazana bilər. Buna görə də Rusiya NATO-nu qabaqlayaraq ABŞ-ın iqtisadi siyasətini əngəlləmək naminə Gürcüstana qoşun yeritdi. Qoşun yeritməsində əsas şərt olaraq, birincisi, qeyd etmək lazımdır ki, Cənubi Qafqaz, o cümlədən Gürcüstan uzun tarix boyu həm çar Rusiyasının, həm də Sovet imperiyasının nəzarəti altında olub. Rusiya Sovet imperiyasının dağılmasından sonra öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində iqtisadi və hərbi-siyasi cəhətdən Qərbə üz tutmuş və son zamanlarda Rusiyaya qarşı düşmənçilik mövqeyində olan Gürcüstana təzyiq vasitəsi olaraq sərhəd bölgələrində yerləşən Abxaziya və Cənubi Osetiyanı dəstəkləməklə, qurumlara hərbi və maddi kömək etməklə, strateji əhəmiyyət kəsb edən ərazilərə nəzarəti öz əlinə alıb. Həmçinin son zamanlarda bu qurumların əhalisinin əksəriyyətinə Rusiya vətəndaşlığı verərək öz gələcək təsirlərini, bölgəyə müdaxilə etmək siyasətini qanuniləşdirmək siyasəti yeridib. Gürcüstanın Cənubi Osetiyaya hərbi hücumları Rusiyanı adekvat tədbirlər görməsinə sövq etdi. Əslində, Rusiya bu məqamı çoxdan gözləyirdi. Rusiya Cənubi Osetiyada öz vətəndaşlarının öldürülməsini, bölgədə olan sülhməramlılarının güllələnməsini əsas gətirərək bölgəyə qoşun yeritdi. İkincisi, nəzərə almaq lazımdır ki, Gürcüstan Rusiya ilə sərhəddə yerləşdiyinə görə Rusiya üçün coğrafi baxımında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Gürcüstan həm də Qara dəniz sərhədlərində yerləşdiyindən, Cənubi Qafqazın Türkiyə və Qərbə, xüsusilə ABŞ-a inteqrasiyasında mühüm rol oynayır. Gürcüstan, eyni zamanda, Mərkəzi Asiyanın gələcək regional layihələri üçün Qərbə inteqrasiyasında həlledici tranzit mövqeyə malikdir. Bununla yanaşı, qeyd edilməlidir ki, Rusiya ilə ABŞ və Böyük Britaniya arasında soyuq münasibətlərin davam etməsi və Rusiyanın NATO-nun öz ərazilərinə təhlükə törədəcək bir qurum olmasını düşünərək, son dövrlərdə bu hərbi-siyasi qurumun Cənubi Qafqazda nüfuzunun artmasından və ərazidə hərbi hissələrinin yerləşməsindən ehtiyatlanırdı. Gürcüstanın da son zamanlarda regionda Rusiya amilini nəzərə almayaraq bu dövlətin əleyhinə yönəlmiş birtərəfli siyasət yeritməsi Qərblə, xüsusilə ABŞ-la müttəfiqlik etməsi və NATO-ya daxil olmaq istəyini Rusiya öz təhlükəsizliyinə zidd hesab edirdi. Elşən Nəsibov politoloq express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar