SON XƏBƏRLƏR

12 -07 -2008 . Türkiyə-İran Münasibətləri: "Təhlükəli qonşular"

2021.10.20, 07:36
12 -07 -2008 . Türkiyə-İran Münasibətləri: "Təhlükəli qonşular"

Gunaz.tv
12 -07 -2008 . Türkiyə-İran Münasibətləri: "Təhlükəli qonşular" Türkiyə və İran Qafqazda və Yaxın Şərqdə tarixən rəqabət aparan iki qonşu dövlətdir. İki ölkə arasında uzunluğu 450 km olan quru sərhəddi var. Bu sərhəd 1639-cu ildə Osmanlı ilə Səfəvi arasında imzalanan Qəsri Şirin müqaviləsiylə müəyyənləşdirilmişdir. Türkiyə və İran arasındakı ticarət dövriyyəsinin həcmi hazırda 7 milyard dolara çatır və 2010-cu ilə qədər bu həcmin illik 10 milyard dollara çatdırlması planlaşdırılır. Tarixən bölgədə kəskin rəqabət aparan bu iki ölkə arasındakı bugünkü münasibətləri şərtləndirən və gələcəyinə təsir edən əsas məsələlər aşağıdakılardır. 1. PKK- Bu məsələ 1980-lərin başından 90-ların ortasına qədər iki ölkə arasında münasibətləri kəskinləşdirici amil rolunu oynamışdır. İran PKK-dan tarixi rəqibi və Qərbin müttəfiqi olaraq qiymətləndirdiyi Türkiyəyə qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışmıştır. Ancaq 1990-cı illərin sonlarına doğru Türkiyədə siyasi İslamın güclənməsinə və hətta iqtidara gəlməsinə (RəfahYol höküməti), Türkiyə dövlətinin PKK ilə qərarlı mübarizə aparmasına və son olaraq da PKK-nın (İran Kürdləri baxımından) İran üçün də təhlükə təşkil etməsinə paralel olaraq bu amilin münasibətləri kəskinləşdirici rolunu azalmışdır. 2000-ci illərdə, xususən 2003-cü ildəki ABŞ-ın İraqa müdaxiləsiylə birlikdə bölgədə şərtlərin dəyişməsi İranın PKK amilini daha fərqli şəkildə qiymətləndirməsinə səbəb olmuşdur. Əvvəla, Türkiyə parlamentinin İraqa müdaxilə zamanı ABŞ-ın bu ölkənin ərazisindən istifadə etməsinə icazə verməməsi səbəbiylə Türkiyə-ABŞ münasibətlərində açıqca ortaya çıxan böhran, ABŞ-ın Şimalı İraqdakı Kürdləri dəstəkləməsi və bu ərazidəki PKK ilə mübarizə etməməsi səbəbiylə daha da dərinləşmişdir. Bu vəziyyət İranın gözündə “Qərbin yaxın müttəfiqi Türkiyə” imicini zəiflədərək İran rejimində “Türkiyənin əməkdaşlıq ediləbiləcək qonşu ölkə” kimi görülməsinə imkan yaratmışdır. İkincisi, ABD-nin İraq misalında görüldüyü kimi Yaxın Şərqdəki siyasətində təsirli etnik amil kimi Kürd faktorunu istifadə etməyə başlaması İranı PKK məsələsində ehtiyatlı davranmağa sövq etməkdədir. Belə ki, PKK-nın da “Böyük Kürdüstan” hədəfi üçün İranda PJAK adlı bir təşkilat qurması və müntəzəm olaraq İran rejimiylə mübarizədə ABŞ-la əməkdaşlığa hazır olduğunun işarələrini verməsi İranı təşvişə salmışdır. Üçüncüsü, yenə ABŞ-ın İrana müdaxiləsinin gündəlikdə olması və Türkiyənin də bu baxımdan strateji əhəmiyyət kəsb etməsi, İranı Türkiyəylə münasibətləri pisləşdirə biləcək PKK məsələsində ehtiyatlı davranmaya sövq etməkdə və hətta PKK ilə mübarizə edərək Türkiyə rəsmilərinin və ümumən ictimaiyyətinin gözündə müsbət imic qazanmağa çalışmasına səbəb olmaqdadır. Bu amillər səbəbiylə İranın bugünkü iqtidarı PKK ilə həm öz ərazisində və həm də İraqın şimal hissəsində (bu ərazidə təxminən 5 min PKK terrorçusunun olduğu güman edilir) mübarizə etməkdədir. Bu şərtlər daxilində önümüzdəki illərdə PKK faktorunun umumi təhlükə kimi Türkiyə-İran münasibətlərini yaxşılaşdırıcı rol oynayacağı da söylənə bilər. İranı PKK məsələsində ehtiyatlı davranmağa sövq edən bir digər amil bu ölkəyə qarşı mübarizə aparan və İraqda yerləşən sayıları 5 min nəfərə çatan Xalqın Mücahidləri Təşkilatı (terrorçu) qruplaşmasıdır. İraqın işğalından sonra ABŞ-ın bu təşkilatın İraqdakı varlığına göz yumması və hətta gizli dəstək verməsi İranı ciddi dərəcədə narahat etməkdədir. İran terrorçu elan ettiyi bu təşkilatla mübarizədə Türkiyənin dəstəyini almaq üçün PKK mövzusunda diqqətli davranmağa çalışır. 2. İraq: ABŞ-ın İraqı işğalı ilə bu məsələ Türkiyə-İran münasibətlərində ən əhəmmiyətli məsələlərdən biri olmağa başlamışdır. Bu iki ölkənin İraq məsələsində bir biriylə həm üst-üstə düşən və həm də ziddiyət təşkil edən məqamlar var. Hər iki ölkə İraqın ərazi bütövlüyünün qorunmasında maraqlıdır. Bunun iki əsas səbəbi var. Əvvəla, Türkiyə və İran İraqın bölünməsi durumunda İraqın şimalında (üstəlik də ABŞ-ın dəstəyiylə) qurulacaq bir Kürd dövlətini özlərinə böyük təhlükə hesab edirlər. Müstəqil Kürd dövlətinin qurulmasına mane olmaq üçün İran bir yandan İraqdaki Şiə faktorundan istifadə etməkdə, digər yandan da Türkiyə və Suriya başda olmaqla digər bölgə dövlətləriylə umumi səylər göstərməkdədir. Türkiyə isə bir yandan İraqın bölünmə sürəcini sürətləndirən Sünnü amilinin silahlı müqavimətdən vaz keçərək vahid İraq siyasi sisteminə inteqrasiyasına çalışmaqda, digər yandan İraq Şiələriylə dialoqu gücləndirməkdədir. Türkiyənin İraq Kürdlərini müstəqillikdən vaz keçirmək üçün göstərdiyi cəhdlər və bu istiqamətdə ABŞ nəzdindəki fəaliyətləri isə hələlik nəticəsiz qalmaqdadır (Ancaq “Beyker raportu”nda və bəzi önəmli sənədlərdə İraqın ərazi bütövlüyü vurğulanmaqda və Kürdlərin müstəqillikdən vaz keçməsi tövsiyə edilməkdədir.) Hətta Türkiyədə, ABŞ-ın və İraq Kürdlərinin Türkiyəni və Ədalət və İnkişaf Partiyası hökümətini İraqın Şimalında faktiki qurulan “Kürdistan dövlətini” himayə etmək üçün həm inandırmağa çalışdığı, həm də bu istiqamətdə təzyiq göstərdiyi xəbərləri yayılmaqdadır. İkinci məqam isə, İraqın ərazi bütövlüyünün qorunmasında İran və Türkiyənin bir biriylə ziddiyət təşkil edən istiqamətlərdir. İran İraq əhalisinin təxminən 60 faizini təşkil edən Şiə amilindən istifadə edərək özünə yaxın bötöv bir İraq istəməkdədir. Belə bir İraq Yaxın Şərqdəki güc tarazlığını İran lehinə daha da pozacağı üçün Türkiyədə narahatçılıq yaratmaqdadır. Digər yandan belə bir İraq İranla dünya neft və qaz bazarına güclü təsir göstərmək imkanına malik olacaqdır. Türkiyə isə Şiələrin gücünün Sünnü və bir miqdar da Kürdlərlə tarazlandığı bir İraq istəməkdədir. Ancaq İraqda bu iki ölkə arasındakı ziddiyətli məqamların əsasən arxa plana keçdiyi və İraqın ərazı bütünlüyünün qorunması istiqamətindəki ortaq düşüncənin bir müddət daha ön planda qalacağı təxmin olunur. 3. İranın nüvə failiyyətləri: Bu fəaliyyətlər Türkiyə üçün fürsət və təhlükələri paralel olaraq ortaya çıxarmaqdadır. Fürsətlər: Bu fəaliyyətlər nəticəsində nüvə silahına sahip ABŞ-ın İrana hücumu ehtimalı zəifləyə bilər. Bu da ABŞ-ın İraqa müdaxiləsi və apardığı Kürd siyasəti nəticəsində bölgədə Türkiyə əleyhinə meydana gələn geosiyasi hadisələrin İrana müdaxilə ilə daha da ağırlaşmasına mane olabilər. Bundan başqa İranın nüvə dövləti olması ABŞ və İsrailin gözündə Türkiyənin strateji önəmini artıracaqdır. Bu da ABŞ-ın və İsrailin Türkiyənin bölgə mənfətləri mövzusunda daha diqqətli davranmaları ilə nəticələnə bilər. Digər yandan, İranın nüvə gücünə malik olması Türkiyənin də öz nüvə proqramını həyata keçirməsi prosesinə təkan verəcəkdir. Türkiyənin 3 nüvə elektrik stansiyası tikmə planının enerji təlabatının ödənməsi arzusuyla yanaşı, təhlükəsizlik amiliylə də əlaqələndirmək mümkündür. İsrailin və İranın nüvə silahına malik olduğu bir şəraitdə Türkiyənin bölgədəki nufuzunu saxlaması və gücləndirməsi baxımından nüvə silahına sahib olmasının əhəmiyyəti artmaqdadır. Təhlükələr: İranın nüvə faaliyyətləri ABŞ (və İsrail) ilə İran arasında bir hərbi münaqişənin başlanması təhlükəsini də hər gün daha da gücləndirir. Belə bir şəraitdə bölgədə hərbi münaqişə və münaqişə sonrası yaranabiləcək qeyri-müəyyənlik Türkiyə üçün İraqdakına bənzər təhlükələri bərabərində gətirə bilər. Eyni zamanda İranın nüvə silahına malik olması, çox güman ki, bu ölkənin Yaxın Şərq, Qafqaz və Orta Asiyada nufüzunun artmasına (güclənməsinə) və beynəlxalq miqyasdakı Rusya-İran əməkdaşlığının daha da güclənməsinə səbəb olar. Bu təhlükə və fürsətlər işığında Türkiyənin İranın nüvə faaliyyətləri mövzusundakı siyasəti bu problemin hərbi münaqişəylə nəticələnməməsi, İranla münasibətlərin zədələnməməsi və ABŞ-la sövdələşmə obyekti olması şəklində xarakterizə edilə bilər. Son dövrlərə qədər ABŞ-ın İraqda qarşılağdığı çətinliklər, ABŞ-da Buş adminstasiyasının sərt tənqidlərə məruz qalması və Kongresə sonuncu seçkilərdə Respublikaçıların məğlubiyyəti, dünyada və xüsusiylə Yaxın Şərqdə ABŞ əleyhdarlığının artması kimi amillər ABŞ adminstrasiyasının İran məsələsində daha təmkinli hərəkət etməyə məcbur etməkdədir. Ancaq İranın nüvə fəaliyyətlərini beynəlxalq aləmə meydan oxuyacaq şəkildə davam etdirməsi, ABŞ və İsrailin son dövrlərdəki bəzi konkret addımları müharibə ehtimalının çox da uzaq olmadığını göstərir. Türkiyənin özündə isə xüsusiylə PKK və İraqın şimalında Türk ordusu mənsublarının başına torba keçirilməsi kimi məsələlərin təsiriylə ictimai rəydə 80 faizə çıxan ABŞ əleydarlığı da bu ölkənin İrana mümkün hücumuna Türkiyə hökümətinin dəstək verməsini çox çətinləşdirməkdədir. İran isə Türkiyədəki bu ABŞ əleydarlığından PKK mövzusunda attığı adımlarlarla, Türk xalqının Müsəlman qardaşlığı mövzusundakı həssaslığını istismar edici faaliyyətlərlə öz lehinə istifadə etməyə çalışır. 4. Enerji: Türkiyə-İran münasibətlərində enerji amili 1996-ci ildə Türkiyənin Baş Naziri Nəcməddin Ərbakanın İran səfəri vaxtı imzalanan təbii qaz müqaviləsi ilə ortaya çıxmışdır. Bu müqavilə, Türkiyə 25 il müddətincə ümumi qiyməti 20 milyard dollar olan 190 milyar m³ həcmində qaz alınmasını nəzərdə tuturdu. Türkiyə İran qazını 2002-ci ildən bəri almaqdadır. Türkiyə İrandan qazı 2005-ci ilinin sonu etibariylə m³-i 253 dollardan satın alır. Türkiyə 2007-ci ilin iyul və noyabr aylarında ABŞ və İsrailinin etirazlarına baxmayaraq İranla enerji əməkdaşlığını daha da gücləndirən yeni müqavilələr imzaladı. Belə ki, keçən il iyulun 14-də imzalalan ön müqavilə ilə İran illik istehsalı imkanı 20,4 milyard m3 olan Cənubi Pars yataqlarından 3 sahəni Türkiyəyə tendersiz verməyə və rəsmi Ankaranın da buraya 3,5 milyard dolar sərmayə qoyacağına dair öhdəlik götürmüşdür. Bu müqavilə ilə Türkiyənin Türkmənistan və İrandan Avropaya göndərilməsi nəzərdə tutulan illik 30 milyard m3 qaz üçün tranzit ölkə olması da qərarlaşdırıldı. Türkiyə ilə İran arasında noyabrın 20-də imzalanan müqavilə ilə tərəflər elektrik enerjisi sahəsində də strateji əməkdaşlığı və bunun üçün də cəmi 10 milyard dolarlıq sərmaya qoyuluşu barəsində razılaşdılar. Bir yandan Türkiyənin illik qaz ehtiyacının 12 faizini İrandan alması, digər yandan da Türkiyənin İran təbii qazının Rusyanın bu sahədəki monopoliyası üçün alternativ axtaran Avropa Birliyinə göndərilməsində tranzit ölkə rolunu oynamağa namizədlərdən biri olması, iki ölkə arasındakı münasibətlərdə enerji faktorunun rolunu artırmaqdadır. Xüsusiylə son dövrlərdə Rusyanın enerji amilindən bir təzyiq vasitəsi kimi istifadə ettiyi şəraitdə bu amilin önümüzdəki dövrdə Türkiyə-İran münasibətlərin inkişafındakı rolu güclənməkdədir. İran qazının Türkiyəyə verilməsində obyektiv və ya subyektiv səbəblərdən problemin yaşanması iki ölkə arasındakı münasibətlərin kəskinləşməsinə xidmət edəcəkdir. Türkiyə-İran münasiblərinin pisləşməsində maraqlı olan ABŞ və İsrail dairələri bu mənada Türk ictimaiyyətini İran əleyhinə istiqamətləndirmək üçün əlverişli imkan əldə edə bilər. 5. Cənubi Azərbaycan: İrandakı Türklərin vəziyyəti və Cənubi Azərbaycan mövzusu Türkiyə rəsmilərinin ehtiyatlı davrandıqları bir mövzudur. Türkiyə dövləti İrandakı Türk amilinə 1980-ci illərin başında “İslam İnqilabı”nın həmən arxasından ABŞ-ın İranın bölünməsində etnik ünsürlərin qabardılması cəhdi konseptində qısa bir müddət için maraq göstərmişdir. Qısa sürən bu maraq dairəsi içində Türkiyə dövləti İrandan Türkiyəyə mühacirət etmiş Cənubi Azərbaycanlıların təşkilatlandırılması prosesinə dolaylı dəstək vermişdir. Ancaq İranda İslam İnqilabının möhkəmlənməsi, Türkiyədə isə Özal hökümətinin digər qonşu ölkələr kimi İranla da sıx ticari münasibətlər qurmaq siyasəti nəticəsində İranda etnik məsələnin qabardılması arxa plana keçmişdir. Bu gün Türkiyə rəsmiləri İranda Türk amili və Cənubi Azərbaycan mövzusunda bəzi xırda addımlar atsalar da (misal üçün Cənubi Azərbaycandan tələbə gətirilməsi, İranda Türk amili mövzusunda müxtəlif mütəxəsislərin fikirlərinə göstərdikləri maraq, başda gətirilən Cənubi Azərbaycanlı tələbələr olmaq üzrə müxtəlif şəxs və qeyri hökümət təşkilatlarının Cənubi Azərbaycan məsələsini Türk ictimaiyyətinə çatdırma cəhdlərinə mane olunmaması) İranla münasibətlərdə etnik amili diqqətə almayan bu siyasəti də əsas etibariylə davam etdirilməkdədir. Son olaraq Türksat peyki vasitəsiylə yayımlanan GünazTV-nin bu peyk üzərindən yayımının dayandırılması bunun bariz numunələrindən biridir. Ancaq Türkiyə rəsmiləri hər nə qədər də İranda Türk amili (Türkiyədə əlaqadar dairələrin çoxu Cənubi Azərbaycan yerinə İran Türklüyü ifadəsindən istifadə etməkdədirlər) məsələsindən uzaq durmağa çalışsalar da Türkiyənin iradəsi xaricindəki bəzi faktorların bu amilin əhəmiyyətini artırması Türkiyənin siyasətində də bəzi dəyişiklikləri də bərabərində gətirə bilər. Qlobal baxımdan, mövcud güçlər nisbəti və ölkə daxili siyasi vəziyyət ABŞ-ı İran rejimiylə mübarizə üçün etnik amilə daha ciddi yanaşmağa məcbur etməkdədir. Reqional baxımdan, Yaxın Şərqdə Kürd amilinin (xüsusiylə İraqda) gabardılması, İranda (Azəbaycan Türkləri və Kürd ) və Türkiyədə (Kürd) etnik baxımdan canlanma müşahidə edilməkdədir. Türkiyənin daxili baxımdan isə, artan etnik canlanmaya və PKK separatizminə qarşı yüksələn Türk milliyətçiliyi də İranda Türk amilinə diqqətin artmasına səbəb ola bilər. Bu şərtlər altında ABŞ-ın İran məsələsində əlini güclədirmək və də Türkiyədə yüksələn ABŞ əleyhdarı Türk milliyətçiliyinin dəstəyini də almaq için İrandaki Türk amilini gündəmə gətirməsi normal hal kimi qəbul olunar. Bu da Türk hökümətini və ictimaiyyətini İranda Türk amili mövzusunda daha istəkli davranmağa sövg edə bilər. Digər yandan İraq misalında görüldüyü kimi İran məsələsində etnik amilin qabarması durumunda Türkiyə də stratejik müttəfiq kimi İrandakı Azərbaycanlı faktoruna daha çox diqqət yetirmək məcburiyyətində qalacaqdır. Nəticə Türkiyə və İran dünyadakı isbatlanmış qaz ehtiyatlarının 71,8 fazinin və isbatlanmış neft ehtiyatlarının 72,7 faizinin yerləşdiyi Yaxın Şərq və Xəzər bölgələrinin çox önəmli ölkələridir. Bu iki ölkənin tarixən bu coğrafiyanın ən önəmli gücləri olması və mövcud imkanları, bölgədəki qlobal nüfuz mübarizəsində onların strateji əhəmiyyətini artırmaqdadır. Bu mübarizədə PKK, İraq və enerji mövzuları Türkiyə və İranın ikitərəfli əməkdaşlıq imkanlarını genişləndirərkən, İranın nüvə proqramı və qismən də Cənubi Azərbaycan məsələsi ziddiyətlər mənbəyi kimi önə çıxmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar