SON XƏBƏRLƏR

Rail Səfiyev: İranın Qafqazda regional münaqişələrinin həllində vasitəçilik etməsi qeyri realdır (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Rail Səfiyev: İranın Qafqazda regional münaqişələrinin həllində vasitəçilik etməsi qeyri realdır (MÜSAHİBƏ)

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi, Berlin Fraye Universitetinin doktorantı, siyasi ekspert Rail Səfiyevdir.

-Rail bəy, Cənubi Qafqaz bölgəsində təhlükəsizliyi, sülhü gücləndirmək üçün hansı siyasət daha çox xarakterdir? Yəni, Gürcüstan variantı birbaşa olaraq avroatlantik məkana inteqrasiya, ermənistan kimi Rusiyanın forpostu olmaq, Azərbaycan yürütdüyü balans siyasəti...

- Təəssüflər olsun ki, Cənubi Qafqaz dövlətlərinin xarici siyasət xətləri bir-birilə uzlaşmadığından regionda tam mənada sülhü bərpa etmək və qorumaq mümkün deyildir. Ümumiyyətlə, Qafqazdakı siyasəti xarakterizə edən odur ki, bu region çox mürəkkəb qarmaqarışıq münasibətlər şəbəkəsinə bənzəyir. Bu balaca regionda böyük okeandakı kimi bir-birinə təzadlı cərəyanlar axır və həmin cərəyanlar böyük güclərdən mənbələnir. Nəticədə, burada hər bir dövlət və hətta kənar regional aktorlar da öz siyasətlərini başqasına nisbətən yürütməyə və bu mürəkkəb qarmaqarışıqlığı nəzərdən qaçırmamağa məhkumdur.

Cənubi Qafqaz ölkələrinin heç birinin iqtisadi və hərbi potensialı onlardan hansısa birinin müstəqil siyasət aparmasına imkan vermir. Gürcüstan Qərb partnyorlarına arxalanmağa məcburdur, Ermənistan isə, sonuncu dəfə Rusiya ilə Ermənistan arasında hərbi sazışın müddətinin uzadılmasından sonra bir daha sübut olundu ki, Rusiyanın yedəyində getməyə üstünlük verir. Hərçənd ki, bu ölkənin iqtisadi blokada vəziyyətində yaşaması və oradakı müxalifətin Rusiyaya qarşı etirazçı mövqeyi Ermənistan xarici siyasətində gələcəkdə korrektələr ediləcəyi ehtimalını artırır.

Azərbaycan isə nisbi iqtisadi azadlığından istifadə edə bilən yeganə region dövlətidir və qısa zaman kəsiyində bu balans siyasəti bəhrəsini də veribdir. Qərblə bağlantının sabit forması kimi enerji nəqliyyat dəhlizinin açılması, Azərbaycanın Avropa qurumlarında həm üzv həm də də tərəfdaş kimi iştirakı pozitiv nailiyyətlər sırasına daxil edilə bilər. Amma mən deməzdim ki, Azərbaycanda bayraq edilən bu “balanslaşdırılmış siyasət” təhlükəsizlik sferasında və xüsusilə də taleyüklü məsələ olan Qarabağ münaqişəsinin həlli istiqamətində mahiyyətcə nəyisə dəyişə bilibdir. Əslində bu siyasətdən müəyyən mənada hətta Azərbaycanda siyasi sabitliyi qorumaq və hakimiyyətin maraqlarının dəstəklənməsi naminə sui-istifadə olunubdur. Xarici siyasət isə hakimiyyətdə olan qüvvənin kim olub olmamasından asılı olmayaraq, məhz milli və dövlət marağını əsas tutmalıdır. Balanslaşdırılmış siyasətin mahiyyəti o olmalı idi ki, regionda hərbi təhlükə mənbəyi olan Rusiya ilə münasibətləri korlamadan Qərblə inteqrasiya xətti davam etdirilsin və Azərbaycanda demokratiyanın, sosial ədalətin qurulmasına, ümumən cəmiyyətin sağlam inkişafına, təhsilin, səhiyyənin, vətəndaşların yaşam tərzinin qalxmasına nail olunsun. Azərbaycanda isə bunun əksi müşahidə olunur, cəmiyyət getdikcə daha çox demokratik dəyərlərdən uzaqlaşır, sanki özünə qapanır, ictimai müzakirələr boğulur, insanlarda radikal meyllər tədricən artmağa başlayır, varlı-kasıb fərqləri, hakimiyyət ilə xalq arasında uçurum dərinləşir. Belə vəziyyət Azərbaycanı regional qüvvələr qarşısında gücsüz vəziyyətə salır, onların Azərbaycanın daxili işlərinə müdaxiləsini asanlaşdırır. Son dövrlərdə İrandakı din xadimləri tərəfindən Azərbaycanda olan mömin müsəlman dairələrə çağırışlar edilməsi hakimiyyət üçün ən real təzyiq metoduna çevrilibdir.

Rusiyanın, istərsə də İranın Qafqazda əsas təsir vasitələri yerli millətlər arası ixtilaflardan istifadə etməkdir. Belə siyasət əsas etibarilə Rusiya və İranın bu regiona tarix boyu formalaşmış imperial baxışlarından irəli gəlir, yəni həmin ölkələrin siyasi elitaları həm bu regionu öz ərazilərinin bir hissəsi sayırlar və həm də istənilən vasitələrlə regionun müstəqil inkişafına əngəl törətməyə çalışırlar ki, lazımi anda ilhaqçı siyasətlərinə zəmin yaransın. Gürcüstanla Rusiya arasında son qarşıdurmada sezılən ən vacib məqam o, idi ki, Rusiya “dondurulmuş konfliktlərdən” yararlanmaqla mövqelərini əldən vermək istəmir. Eynilə Qarabağ münaqişəsinin özü də Rusiyanın Azərbaycana münasibətdə müstəmləkəçilik siyasətinin bir məhsuludur. Məhz Rusiya və İran hakim dairələrinin belə müstəmləkəçi təfəkkürlü siyasətlərinin nəticəsidir ki, hər üç Cənubi Qafqaz ölkəsinin ictimaiyyəti müstəqilliklərini mütləq Qərbə doğru yaxınlaşmada görürlər.

Rusiya və İranla müqayisədə Qərbin Qafqaz siyasəti Cənubi Qafqaza liberal baxış açısından, iqtisadi maraqlar çərçivəsindən yanaşması, hər hansı şəkildə Qafqaz ölkələrinin suverenliklərinə zidd hərbi müdaxiləni istisna etməsi ilə fərqlənir. Regionda məsələn Qərbin hərbi təmsilçiliyinin forması NATO ola bilər, bu isə Rusiya ilə qarşıdurma səbəbindən yaxın gələcəkdə mümkün deyil. Amma bir partnyor qismində, Qərb həm coğrafi uzaqlığı baxımdan ən təhlükəsiz, iqtisadi müttəfiq kimi isə ən əlverişli və həm də siyasi dəyərlərinin mütərəqqiliyi baxımdan ən münasib tərəf sayıla bilər.

Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə münasibətlərində 2009-cu ildə qəbul olunmuş “Şərq tərəfdaşlığı” təşəbbüsü, bundan əvvəlki “Avropa Qonşuluq Siyasəti” əməkdaşlığın məhz mədəni, vətəndaşlar arası əlaqələr sferasında aparılmasını nəzərdə tutur. Türkiyədən savayı Avropa Birliyi və ABŞ-ı da bu regionda fərdi tərəfdaşlıq əlaqələrindən vaz keçırlər. Hətta son zamanlar aktuallığını hələ də itirməmiş Türkiyənin Ermənistan ilə sərhədləri açma siyasəti də Türkiyənin - Qərbin maraqlarının təmsilçisi kimi -  bu regiona bir-birilə bağlı ölkələrin birliyi şəklində baxdığını təsdiq edir. Yəni Rusiya və İrandan fərqli olaraq, Qərb Qafqazdakı ölkələri mənafe bölgüsü ilə bölmür, onları süni şəkildə bir-birindən ayırmir. Əksinə, Qərbdə bu regionun bütöv inkişaf modellərinə əhəmiyyət verirlər.

-Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları necə dəyərləndirirsiniz?

-Qarabağ ətrafında gedən danışıqların dalana dirəndiyi göz qabağındadır və dekabrda ATƏT-in Astana zirvə toplantısında Azərbaycan və Ermənistan prezidentlərin görüşünün baş tutmaması da bunu təsdiqləyir.  

-İran dövləti münaqişənin  həll edilməməsinin əsas səbəbini kənar dövlətlərin təsiri ilə bağlayır. Özü vasitəçilik missiyası ilə bağlı təklifini verib. İranın bu tipli regional münaqişələrin  həll edilməsində gücü yetərincədirmi?

-Yox, İranın Qafqazda regional münaqişələrinin həllində vasitəçilik etməsi qeyri realdır. Birincisi, son 18 il ərzində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT İranı öz tərkibindən istisna edibdir, belə desək belə bir imkanı İranın əlindən alıbdır. İkincisi, İranın regional sülh yaratma və münaqişələri həll etmək təşəbbüslərini həyata keçirməyə nə partnyoru, nə də təşkilati mexanizmləri vardır.

Əlbəttə, İran həm Ermənistanın və həm də Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma mədəni və tarixi baxımdan daha yaxın olduğu Azərbaycanın da mövqeyini, məsələn Türkiyə kimi birmənalı şəkildə dəstəkləmir. Ticari-iqtisadi münasibətlərin əhəmiyyəti baxımından İranın Azərbaycan ilə münasibətlərinin keyfiyyətcə daha yaxşı olmasını güman etmək olardı, amma praktikada bu əksinə nəyin bahasına olursa olsun Ermənistan ilə yaxın qonşuluq siyasətini əldən verməmək və lazım gələrsə bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək ilə nəticələnir. İran üçün Qarabağ probleminin Azərbaycanın xeyrinə həlli Azərbaycanın qüdrətlənməsi, daha müstəqil siyasət apara bilməsi deməkdir. 

Uzun müddət Qafqazda maraqlı olan qüvvələr yerli elitalarla anlaşmağa üstünlük verirdilər. Amma vəziyyət onu göstərir ki, bu gün milli-ictimai fikri nəzərə almayan siyasət uğur qazanmır. Gürcüstanda Rusiyanın təsirləri yalnız tanınmayan separatçı bölgələrdə hərbi mövqeləri ilə məhdudlaşır, cəmiyyətdə isə anti-rus əhval ruhiyəsi Saakaşvili siyasətinin əsas dəstəkləyici amilidir. Bu, Ermənistanda da belədir, yeni gənc nəsil siyasətçiləri Rusiyayadansa Avropa ilə münasibətləri üstün sayırlar və Türkiyə ilə sərhədlərin bağlı qalmasına Ermənistandakı inkişafa maneə kimi görürlər.

İran siyasi rəhbərliyinin bilməlidir ki, İranın Qafqazla bağlı istənilən növ siyasətinin açarı Azərbaycandadır, çünki Azərbaycan hətta hazırkı münasibətlərin arzu edilən səviyyədə olmadığı şəraitdə də yenə də İrana ən çox bağlı olan ölkədir. Dini-tarixi bağlardan qidalanan qarşılıqlı anlaşma mövcuddur. İranın siyasət imkanları yalnız enerji daşıyıcılarının satışı, Azərbaycan hakimiyyəti ilə iqtisadi lahiyələr və Azərbaycanı mənasız yerə İsrail və sionistlərlə əməkdaşlıqla günahlandırmaqdan və hətta hədələməkdən yox, Azərbaycanda insanların gözündə  nüfuzartırıcı tədbirlərdən ibarət olmalı idi. İrandakı hakim qüvvənin səhv siyasəti nəticəsində Azərbaycanda İran haqqında fundamentalist, Azərbaycandakı dini qüvvələrdən məqsədli istifadə etməyə çalışan anti-demokratik bir ölkə təsəvvürü yaranıbdır. Təsəvvür edin ki, İran bütün dünyanın diktator saydığı Lukaşenkonun yenidən seçilməsini alqışlayır. Belə bir siyasəti olan ölkədən insanlar hansı ədalətli mövqe gözləməlidirlər?!

-Sizcə, Fransadansa Almaniyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunması, münaqişənin həllinə hansı töhfəni verər?

-Bu fikirlər dəfələr mətbuatda səslənibdir və bu sualı verənlərin arqumenti budur ki, Fransa erməni diasporasının təsiri ilə münaqişəyə bitərəf mövqe göstərmir, Almaniya isə güya Azərbaycana, onun ərazi bütövlüyünü bərpa etmə istəyinə hörmətlə yanaşır. Əslində, bu  mənim fikrimcə beynəlxalq münaqişələrin həlli məsələlərində və ümumiyyətlə beynəlxalq hüquqa Almaniyada göstərilən xüsusi həssaslığın nümunəsidir, amma bu o demək deyil ki, Almaniya o biri supergüclərin mənafelərinə zidd kardinal nəyisə dəyişmək iqtidarındadır. Fransa hətta Almaniya ilə müqayisədə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququnu tətbiq edə biləcək beynəlxalq çəkisi olan bir ölkədir. Minsk Qrupunun üzvlərinin sayı azaldılıb üç həmsədr ölkədən olanda, əsas ideya bu idi ki, Avropa İttifaqının bu sülh danışıqları prosesində iştirakı mütləq təmin olunsun. Almaniya və Fransa Avropa İttifaqının ən aparıcı üzv ölkələridir. Avropa İttifaqı çərçivəsində milli siyasətlər koordinasiya edildiyindən hansı ölkənin həmsədr ölkə olaraq seçilməsi elə böyük əhəmiyyət kəsb etmir.

Cənubi Qafqaz regionu üçün siyasətin oyun qaydaları dəyişibdir, artıq 90-cı illərin əvvəlində olduğu kimi Fransada olan erməni diasporası nəyəsə təsir etməyə qabil deyil. Son zamanlar bu oyun qaydaları Qərb tərəfindən regionda “demokratikləşmə” adı altında Qərblə təmaslara daha artıq dərəcədə meylli olan, onun dəyərlərini bölüşən qüvvələrin siyasi həlledici mövqelərə gətirilməsi ilə baş verirsə, Rusiya tərəfindən bu, daha çox hərbi təhlükəsizlik tellərini gücləndirmək, lazım gələrsə hərbi üstünlüyünü nümayiş etdirməkdən çəkinməməklə müşahidə olunur.

-Sonuncu sualımız Almaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun durumu ilə bağlıdır. Almaniyada Azərbaycan diasporunun səsi eşidilirmi?

-Almaniyada fəaliyyət göstərən diaspora bütün Avropada fəaliyyəti ilə ən çox tanınan diasporadır, amma Azərbaycanın Almaniyadakı səfirliyinin xüsusi əməyi nəticəsində. Ötən illərdə Almaniyada Azərbaycan ili çərçivəsində böyük işlər görülübdür. Amma bu dövlət siyasətidir. Təəssüf ki, diaspora bir müstəqil qüvvə kimi öz rolunu oynamağa yetişməyibdir. Diaspora təşkilatlarının Almaniya mətbuatı, buradaki partiya və ictimai təşkilatlar ilə əlaqələri həddən artıq zəifdir, ya da bu sadə dostluq və tanışlıq münasibətlərindən o tərəfə keçmir.

Birincisi, Azərbaycan diasporası əsas etibarilə yaşlı nəslin nümayəndələrindən ibarətdir ki, onların da məsələlərə baxış tərzi xeyli dərəcədə mühafizəkarlığı ilə seçilir. Müasir kommunikasiya vasitələrinə yiyələnmiş, qloballaşma ilə ayaqlaşa bilən diaspora üzvlərinə, təşkilatlarına ehtiyac vardır. O biri tərəfdən, diaspora üzvlərinin intellektual səviyyəsi yetərincə deyildir. Azərbaycanı burada təbliğ etmənin üsulları elmi-mədəni diskussiyalardan, mətbuat səhifələrindən Azərbaycan haqqında təblığatdan keçir.

Bir də burada bizim hər mənada inkişafımızı maneə olan problemlər çoxdur. Bu da yenə də təşkilat və ümumazərbaycan marağı əvəzinə şəxsi ambisiyaların, bəzi qrupların şöhrətpərəstlik ehtiraslarının üstün gəlməsi, milli həmrəyliyin olmamasıdır.

Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar