SON XƏBƏRLƏR

Pərviz Elay: ”Farspərəst anti-türkçülər mərhum alim Məhəmməd Zehtabi Kirişçinin “İran türklərinin tarixi” əsərini oxusunlar”

2021.10.20, 07:36
Pərviz Elay: ”Farspərəst anti-türkçülər mərhum alim Məhəmməd Zehtabi Kirişçinin “İran türklərinin tarixi” əsərini oxusunlar”

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi “Millətçilik” qəzetinin baş redaktoru, tanınmış yazar-araşdırmaçı Pərviz Elaydır.

 

- Pərviz bəy, Quzey Azərbaycanda siyasi partiyaların, ictimai təşkilatların, Güney Azərbaycanla bağlı fəaliyyətləri sizi qane edirmi?

 

- İlk növbədə mən “GünAz.TV”-yə dərin minnətdarlığımı bildiririrəm. Bu telekanal Azərbaycanın bütövləşməsi üçün olduqca önəmli bir iş görməkdədir.

Quzey Azərbaycandakı ictimai və siyasi təşkilatlar Güney Azərbaycan sorununda iki amili əsas tutaraq fəaliyyət göstərirlər. Öncə, bu təsisatların ictima-siyasi və maddi resursları və ikincisi, Quzey Azərbaycan Dövlətinin milli maraqları. Quzey Azərbaycanın siyasi və ictimai qurumları sırf siyasi mübarizə və hüquqi çərçivələrdə fəaliyyət göstərməkdədirlər. Bu çərçivələrə baxmayaraq fəaliyyət meydanını “dar” adlandırmaq olmaz. Milli və beynəlxalq qanunlara əsaslanaraq Güney Azərbaycan türklərinin milli və insan hüquqlarının müdafiəsi, Güney Azərbaycan Türklüyünə qarşı farslaşdırma, diskriminasiya siyasətinin digər formalarına qarşı etiraz Quzeyli qurumların Güney sorununda əsaslandığı siyasi-hüquqi bazanı təşkil edir. Bu bazadan çıxış edərək müxtəlif davamlı tədbirlər həyata keçirilə bilər. Bu yönlü fəaliyyətin Quzey Azərbaycanda olmamasını demək ədalətsizlik olardı. Amma hər halda milli platformada duran təşkilatlarımızın bu məsələdə fəaliyyəti daha planlı, sistemli və effektiv yöndə gedə bilərdi. Təəssüflər ki, biz bu sahədə daha çox sistemsizliyi, pərakəndə və fraqmentar fəaliyyəti izləyirik. Bunu isə qanedici saymaq olmaz.     

 

- Bu gün fars şovinistləri iddia edirlər ki, türklər İrana gəlmədirlər, onların hansısa hüquq tələb eləməyə haqqları yoxdur. Bir tarixçi olaraq, bu fikrə münasibətinizi öyrənmək istərdik.

 

- Birincisi, qədim farsların İran ərazisinə gəlişindən əvvəl buradakı sivilizasiyanın Türk və Elam (Dravid) köklü olması barədə bilgilər istər dilçilik, istərsə də arxeoloji baxımdan güclü əsaslara malikdir. Hətta, işğalçı sovet dönəmində Quzey Azərbaycan tarix elmində zorla farspərəst xətti yeritməyə çalışan İqrar Əliyev 30-cu illərdəki tədqiqatlarında aqqlünativ prototürk dilli tayfaların regionda aborigen olduğu fikrini söyləmişdir. Sonrakı, 60-70-ci illərdəki tədqiqatlarında o, qədim farslaraqədərki müasir İran və Güney Azərbaycan ərazisində arxeoloji oturaq aborigen mədəniyyətin “türkköklü” olmasını dilə gətirməsə də, onun “elam-dravid” köklü olmasını bildirirdi. Gülməli haldı ki, bu farspərəst alim qədim Mərkəzi İranın və Azərbaycanın oturaq aborigen əhalisini məntiqə zidd olaraq “elam-dravid” köklü adlandırmağa üstünlük verirdi ki, təki “türk” termini işlənməsin?!

     Ümumiyyətlə, ilkin Türk dilinin Ata Yurdunun guya Altay dağları çevrəsində yerləşməsi, müasir İran və Azərbaycana gəlmə olması barədə səhv və qərəzli fikirlərin Avropa elmində nə üçün və necə mütləq tezisə çevrilməsi, həmçinin, bu səhv və qərəzli fikrin təkzibi tam ayrıca bir mövzudur. Məsləhət görərdim, bəzi farspərəst anti-türkçülər mərhum alim Məhəmməd Zehtabi Kirişçinin “İran türklərinin tarixi” əsərini oxusunlar. Ya da heç olmasa, fars tarixçisi Nasir Purpirarın “On iki əsrlik sükut: İran tarixinin təməllərinə baxış” əsərinə diqqət yetirsinlər. Onda “mədəni fars-ari irqinin qədim İrana mədəniyyət gətirməsi” kimi beyinlərindəki süni təsəvvür çilik-çilik olar.   

     İkincisi, yüzilliklər boyu qonşuluqda olmuş xalqlardan indi  birinin digərinə münasibətdə “mən yerliyəm, sən isə gəlməsən, ona görə də haqqın yoxdur”  məntiqindən çıxış etməsi absurddur. Bu cür iddia yadların gəlməsi zamanında deyilməli idi, daha 1000 və ya 2000 il sonra yox. Tarixi həqiqət Türkün regionun aborigen etnosu olmasını sərgiləyirsə, onda biz gərək farslara, qaraçılara və d. “ari” xalqlarına, həmçinin, ərəblərə “haqqınız yoxdur, ya getməlisiniz, ya türkləşməlisiniz” deməliyik? Bu absurd “məntiqi” dünya dəstəkləsə, onda, gərək anqlo-saksonlar başda olmaqla, Avropa köklü amerikalılar, afroamerikalılar və digərləri hər iki Amerika qitələrindən, Avstraliyadan çıxmalıdırlar? İstər məntiqi, istərsə də faktoloji baxımdan  fars şovinistlərinin bu yönlü fikirləri tənqidə dözmür.

   Mən bir faktı deyim ki, müasir farsdilli etnoslar içərisində talışlar e.ə. I minilliydə regiona gəlmiş ilkin farslara yaxınlığı antropoloji baxımdan daha təmiz saxlamışlar, nəinki bu gün özünə “fars” deyənlərin əksəriyyəti. Belə ki, özünü “fars” sayanların böyük əksəriyyəti ilk farsdillilərin regiona gəlişindən əvvəlki yerli etnosların antropologiyasını daha bariz daşımaqdadırlar. Yəni, onlar farslaraqədərki yerli xalqların, o cümlədən Azərbaycan türklərinin dolixokran Kaspi (oğuz) irqi tipinin daşıyıcılarıdır. Belə isə, onlara “farslaşmış türklərin və ya elamlıların varisləri” demək daha məntiqə uyğundur.

 

- Bütün diktatura rejimlərinin idarəçilik sisteminin ana xətti olan “qorxu psixologiyası, əzmək, və s.” bu gün İran rejiminin ayaqda durmasında böyük rol oynayır. Ümumiyyətlə, Güney Azərbaycan Milli Hərəkatı qorxu psixologiyasını aradan qaldıra bilibmi?

 

- Sözsüz ki, əgər milli dil, milli özgürlük uğrunda hərəkat varsa, burada qorxudan danışmaq yersizdir. Despotik rejimlər özlərinə qarşı hərəkatların ya radikallaşmasına, ya da daha dərin mübarizəyə, yəni maskalanmış etnik-milli mafiyaların yaranmasına rəvac verirlər. İkincisilə  mübarizədə istənilən despotik rejim acizdir. Çünki ikincisini əzmək üçün bəhanə yoxdur və onun əzilməsi despotik dövlətin əsaslarını dağıda bilər. Məsələn, Sovet Rusiyasında 40-50-ci illərdə yəhudilərin sıxışdırılması ona gətirib çıxardı ki, 70-80-ci illərdə artıq sovet idarə, maliyyə və elm sisteminin bütöv bir sahələri cibində kommunist bileti gəzdirən və pasportunda milliyyəti “rus” yazılmış yəhudilərin inhisarında idi. Məncə dediklərimin analizini özünüz etsəniz yaxşı olar.

 

-Hazırda İranda və regionda cərəyan edən gərgin siyasi proseslər Güney Azərbaycana nələr vəd edir? Güney Azərbaycan regionda ola biləcək dəyişiklərə hazırdırmı?

 

 - Mən yalnız öz subyektiv fikrimi deyirəm. Hələ Şimali Azərbaycan Türklüyü heç 80-ci illərin sonunda SSRİ-dəki başlamış proseslərə hazır deyildi və nəticədə, böyük insan və ərazi itkilərinə məruz qaldı. Ermənilər isə, 1200 il əvvəl milli məslək ətrafında formalaşma prosesinə başladılar. Quzey Azərbaycan Türklüyü elə indilərdə milli məslək ətrafında birləşməyin, təşkilatlanmanın giriş qapısında durmaq üçün şans qazanıb.

   Güney Azərbaycan Türklüyü barədə bunları demək olarmı? Qeyd etdiyiniz proseslərə Güney Azərbaycan türklüyü hazır deyil. İranda ermənilər, kürdlər, hətta ərəblər bu proseslərə daha hazırdırlar. Ermənilər əsrlərlə, kürdlər isə onilliklər boyu öz “dərin dövlət sistemlərini” yaratmışlar. Güney Azərbaycan türklüyünün öz “dərin strukturu” varmı? Nə Güneydə, nə milli şüura malik mühacir diasporasında bu struktur və bu strukturu yaşadan maliyyə platforması yoxdur. Ona görə də durum  yalnız təşkilatlanmanı və ehtiyatlı addımlar siyasəti yürütməyi hökm edir.

 

- Bəzi siyasi analitiklər Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycanın da qoşulmasının vacibliyini qeyd edirlər. Sizcə, Azərbaycan belə bir vəziyyətdə, hansı addım atsa daha düzgün olar?

 

- Mən bunu sadə misallarla izah etmək istərdim. Bizim xoşumuza gəlmir ki, Güneydə Azərbaycan Türklüyünün milli hüquqları tapdanır. Bizim xoşumuza gəlmir ki, farslar “ermənistan” adlı anti-müsəlman və anti-türk qondarma quruma yardım edir, Quzey Azərbaycanda dini pərdə altında separatçı və anti-milli qurumlarla işbirliyinə gedirlər. Əgər bu fəaliyyət kəsilməsə, onda Quzey Azərbaycan da farsların xoşuna gəlməyən işləri etməlidir. Yəni pariteti saxlamaq üçün imkanlar və “siyasi bazarlaşma” predmetləri az deyil.  Bu məsələdə Azərbaycanın atacağı addımlar nə Moskvadan, nə də Vaşinqtondan asılı deyil. Quzey Azərbaycanın mövqeyi bizim milli və dövlət maraqlarımıza farsların münasibətindən asılıdır.

 

Söhbətləşdi: Elnur Eltürk

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar