SON XƏBƏRLƏR

Ekspert Ənvər Börüsoyun GünAzTv mətbuat mərkəzinə müsahibəsi

2021.10.20, 07:36
Ekspert Ənvər Börüsoyun GünAzTv mətbuat mərkəzinə müsahibəsi

Gunaz.tv

GünAzTv: Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti Ənvər Börusoyun Günaz.tv Mətbuat Mərkəzinə Eksklüziv olaraq verdiyi müsahibəsi təqdim edirik.

 

- Hal-hazırda oxucularımıza Şimali Qafqazda cərəyan edən prosesləri təhlil edərdiniz? Bölgədə nələr baş verir?

 

- Quzey Qafqazla bağlı çox təəssüflər olsun ki, Azərbaycanda yetərincə maraqlanmırlar. Bu yöndə bəzən açıqlama verən “politoloqlar”ın regionun etnokulturoloji dəyərlərindən və onun özəlliklərindən heç xəbərləri belə yoxdur. Halbuki, Quzey Qafqazda baş verən bütün proseslərin birbaşa Azərbaycanla bağlı çox ciddi aidiyyəti var. Unutmaq olmaz ki, 450 il öncə kabarda və osetin kökənli bir sıra əşirət başçıları rus çarı İvan Qroznı ilə isti münasibətlər qurduqdan sonra, Qafqazın bütövlükdə işğalına başlanıldı. Dünyada soyuq savaş bitdikdən və keçmiş Sovetlər Birliyi sökdükdən sonra, Quzey Qafqaz  regionlarında da milli və dini görüşlər inkişaf etməyə başladı. Digər tərəfdən etnokulturoloji məcrada inkişaf prosesinin gəlişməsi həm də Quzey Qafqaz topluluqlarının sosial həyat tərzində, xüsusilə etnodemoqrafik müstəvidə sıçrayışla onların inkişaf etməsilə bağlıdır. Quzey Qafqazdakı Dağıstan, Çeçen-İçkeriya, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikalarında zahiri görünüşcə dərin problemlər ortada olsa da, proseslər özünün təbii axarı ilə inkişaf etməkdədir. İndi bu respublikalarda Rusiyanın ötənlərdən fərqli olaraq təsir dairəsi də azalmaqdadır. Çünki, Rusiya məşhur deyimdə ifadə olunduğu kimi: “Nə yardan doyur, nə əldən qoyur” dilemması ilə üzləşibdir. Belə ki, Rusiya Quzey Qafqazı itirmək istəməsə də, bu regionun sosial, iqtisadi həyat şəraitinin inkişafını da arzu etmir. Qafqaz xalqlarının məcbur olaraq Rusiyanın digər regionlarına köçərək onların həmin bölgələrdə assimliasiya olunmalarına ümid edilir. Rusiya Dövlət Statistika Xidmətinin elan etdiyi kimi təkcə son 20 ildə 200 min nəfərdən çox dağıstanlı Rusiyanın digər regionlarına miqrasiya etməklə onların “ikinci nəsli” artıq ruslaşmağa başlayıb. Bu da süni şəkildə rusların sayının artmasınə səbəb olan amillərdən biridir. Quzey Qafqazda baş verən digər proses isə dünyanın, xüsusilə də, Avropa Şurası, Avropa Birliyi, ABŞ, Çin, Hindistan, Səudiyyə Ərəbistanı və digər güclərinin məqsədyönlü şəkildə apardıqları “antitürk siyasəti” də regionda ən təhlükəli proseslərdən biridir. Çünki, Qafqaz xalqları Rusiyanın işğalına qədər minillər boyu burada mövcud olmuş Türk dövlətçilik ənənəsinin, etnokulturoloji dəyərlərinin tərkib hissəsi kimi formalaşıblar. Çeçenlər özlərini milli varlıq qismində “noxçi”, çərkəz kökənli (buraya abaza, adıgey, abxaz, şapsuq, çərkəz, kabarda, ubıx xalqları daxildirlər) xalqlar “adıge”, ləzgilər “leki”, avarlar “marulal”, gürcülər “sakartvelos” və ya “kartuli”, ermənilər “hay” adlandırsalar da, bütün dünya onları tarixin sınağından çıxmış və türklərin onlara verdikləri adlarla tanıyırlar. İndi Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızstan, Tatarıstan, Başkortstan, Çuvaşıstan,  Altay, Tuva, Saxa, Xakasiya, Marı El, Komi, Karel, Mordva respublikalarının yaranması, digər dövləti olmayan türk topluluqlarının birlikdə uzlaşmış strateji hədəflərə hesablanan prosesdə addımlamaları təbii olaraq, Quzey Qafqaza da özünün dərin təsirlərini göstərməkdədir. Buna görə də, bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərbin yaxından dəstəyilə Quzey Qafqaz regionlarında inkişafın qarşısı almaqdadırlar. Bu prosesi əslində Qərb-Türk savaşı adlandırmaq olar. 17-19-cu yüzilliklərin rus tarixinə diqqət yetirdikdə bunun mənasını dərk etmək mümkündür. O zaman Almaniya, İsveç, Fransa, İngiltərə, Avstriya, İtaliya və Hollandiyanın silah yardımları və bu dövlətlərə məxsus olan yüksək səviyyədə hərbi savadı olan mütəxəssislərinin fəallığı və yaxından dəstəyilə Qafqaz savaşı aparılıbdır. O zaman da indiki kimi əsas strateji hədəf Quzey Qafqaz və Krımın türklərin nəzarətindən çıxarmaq olubdur.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, 1991-ci ildə Sovetlər Birliyi artıq yox idi. Rusiya isə bu regionların yeni işğalı siyasətini nəzərə alaraq, Federasiya statuslu dövlət qurmaqla prosesləri önləmək üçün addımlar atdı. Belə bir tarixi şəraitdən istifadə edən çeçenlər referendum keçirərək Çeçen-İçkeriya Respublikasını elan etməklə yanaşı, həm də dövlət müstəqilliyinə səs verdilər. Çağdaş çeçen dövlətçiliyinin təməlini qoyan əfsanəvi lider Cövhər Dudaev isə bu dövlətin ilk prezidenti oldu. O zaman Rusiya Federasiyasının Ana Yasasında yeni respublikaların azad və könüllü şəkildə bu qurumun üzvü olmaq və sərbəst şəkildə qərar verərək Rusiya Federasiyasından çıxmaq haqqında qanun maddələri də mövcud idi. Bütün bunları nəzərə almaqla yanaşı, Kremlin siyasi texnoloqları Qərbdə olduğu kimi ikibaşlı demokratik siyasi oyunların labirintini yaratmağa başladı. Yəni Rusiyada demokratiya mövcud ola bilər. Ancaq, bu demokratiya rus xalqı və rus dövlətçiliyinə xidmət etməlidir prinsipi idi. Bundan yararlanmaq üçün daim fürsət gözləyən Kremlin çevrəsindəki mühafizəkar dairələr 1994-cü ildə istədiklərinə nail olmaq üçün hərəkətə keçdilər. Çeçen-İçkeriya Respublikasına qarşı sonu bitməyən bir savaşa başlanıldı. Əslində bu savaş Çeçen-İçkeriya Respublikasına qarşı olmaqla yanaşı, həm də digər Quzey Qafqaz respublikalarını da qorxu və təhdidlər altında saxlamaq üçün atılan bir addım idi. Çünki, Sovetlər Birliyi bir imperiya kimi dağılsa da, rus xalqının beynində hələ də imperiya düşüncə tərzi, nostalgiya yaşamaqda davam edir. Bütün bunlara baxmayaraq, indiki durumda Quzey Qafqaz regionları 1960-1990-cı illərin Sosialist Şərqi Avropa (ADR, Macarıstan, Çexiya, Slovakiya, Polşa) dövlətlərindəki durumu xatırladır. Belə ki, həmin illərdə işğalçı sovet qoşunlarının əsgərləri və zabitləri bu dövlətlərdə yalnız şəkildə küçələrə çıxa bilmirdilər. Dərhal yerli azadlıqsevər qüvvələr Moskvanın amansız işğalçı siyasətinə cavab tədbiri kimi onlardan intiqam alırdılar. İndi Quzey Qafqaz respublikalarında da məhz həmin durum yaşanılmaqdadır. Hər gün rus hərbçiləri bu regionlarda terror olunur və onlara məxsus olan texnikalar partladılır. Bir zamanlar Cövhər Dudaev bir qədər demokratik təfəkkürlü olan Rusiya prezidenti Boris Yeltsinə müraciətində belə bir ifadə işlətmişdi: “Moskva Qafqazda müharibəni başladacaqsa, bu savaş uzun illər davam edəcək. Yeni Qafqaz savaşı Rusiyanın bir dövlət kimi mövcudluğunu çökdürəcək”. 

Çox təəssüflər olsun ki, Rusiyanın Qafqaz üzrə strateqləri Cövhər Dudaevin bu sözlərini indinin özündə belə qəbul etmək istəmirlər. Digər tərəfdən isə Qafqaz respublikalarında indi bu regionları müstəqil şəkildə idarə edə biləcək yerli milli bürokratiya, məmurlar ordusu yaranıbdır. Bu fakt dövlətçilik və onun idarə olunması üçün çox mühüm vasitələrdən biridir.

Quzey Qafqaz respublikalarında 2002-ci ildə Rusiyanın o vaxtkı prezidenti olmuş Vladimir Putinin qəddarcasına milli dillərdə televiziya, radio verilişlərinin, qəzet və jurnalların, elmi tədqiqatların, təhsil və tədrisin, mədəniyyət mərkəzlərinin ləğv edilməsi və məhdudlaşdırılması barədə verdiyi qərar da bu gün özünün əks təsirini ortaya qoyub. Bu xalqlar öz milli kimliklərini yaşatmaq üçün həmin hüquqların bərpa olunmasını tələb edirlər. Moskvanın mühafizəkar çevrələri isə bu tələblərə qarşı ciddi müqavimət göstərirlər.

Quzey Qafqaz respublikalarında əhalinin sosial həyat şəraiti olduqca dözülməz şəkildədir. İnquşetiyada işsizlərin sayı əhalinin 60-70 faizini təşkil edir. Quzey Qafqaz regionlarında əhalinin orta aylıq gəlirləri Rusiyanın hər hansı bir vilayətində mövcud olan imkanlardan fərqli olaraq, 15-20 dəfə azdır. Yeni iş yerlərinin açılması ən böyük problemlərdən biri hesab olunur. Bu qədər ağır və dözülməz həyat şəraiti təbii olaraq, mərkəzdənqaçma meyillərinin güclənməsinə səbəb olan güclü faktorlardan biridir.

 

- Bəzən belə fikirlər eşidirik ki, Rusiya özü bölgədə vəziyyətin gərginləşməsində maraqlıdır. Həm orada olan siyasi-milli hərakata terrorizm donu geyindirərək istədiyi siyasəti yeridir, həm də dünya dövlətlərinə sübut edir ki, mən öz ərazimdə terrorizmin qarşısını almaq üçün sərt tədbirlərə əl atmağa məcburam...                                                                       

 

- Quzey Qafqazda baş verən yeni ictimai və sosial proseslərin nəticəsi olaraq, indi Rusiya Qara və Xəzər dənizləri aralığındakı əraziləri itirmək təlükəsilə qarşılaşıb. Bu faktı Rusiyanın siyasi texnoloqları, etnoqrafları, sosioloqları da belə etiraf etməkdədirlər. Bu proses baş verəcəyi təqdirdə, Volqaboyu və Ural dağlarının ətəklərində tatar türklərinə məxsus İdel-Ural Dövlətinin yaranması ehtimalı hər an öz gerçəkliyini tapa bilər. Bunu dünyanın bütün güc mərkəzləri diqqətlə təqib etsələr də, böyük dövlətlər belə bir prosesin yaranması və inkişafında maraqlı tərəf kimi çıxış etmirlər. Onları Rusiyanın (əslində türk xalqlarına məxsus) təbii sərvətlərindən birgə istifadə iddaları maraqlandırdığı üçün, türk xalqlarına qarşı törədilən bütün aqressiv tədbirlərin yanında durublar. Rusiya beynəlxalq siyasətin qaranlıq qapılarının arxasındakı bu maraqları nəzərə alaraq Quzey Qafqaz regionlarında hələ də mənşəyi bəlli olmayan “ÖLÜM ESKADRONLARI” tipli hərbi birliklərin sayəsində idarə olunan terror siyasətini aparır. Quzey Qafqazda faktiki olaraq, yerli ictimai və siyasi qurumlar 2001-ci ildən etibarən ləğv edilibdir. Yerli xalqar üçün ABŞ-da bir zamanlar qızıldərililər üçün yaradılan rezevuar modeli tətbiq olunmaqdadır. Burada ən yaxşı halda məhdud şəkildə milli və mədəni hüquqlara əməl olunur.

Quzey Qafqaz respublikalarında indiki şəraitdə Moskvada yaranmış ikihakimiyyətlilik siyasətinin ağırlıqları da toqquşmaqdadır. Rusiyanın indiki prezidenti Dmitri Medvedyevin gündəmə gətirdiyi modernləşmə və baş nazir Vladimir Putinin dəstək verdiyi mühafizəkar siyasət Quzey Qafqazda ciddi şəkildə kəskin qarşıdurmalara səbəb olub. Modernləşmə siyasətinin tərəfdarları bildirirlər ki, Quzey Qafqaz regionlarında humanitar maraqlar gücləndirilərsə, regiondakı problemlər də tədricən azalacaqdır. 2010-cu ildə bu məqsədlə Krasnodar vilayətinin Soçi şəhərində D. Medvedyev bir neçə dəfə iqtisadi forumlar keçirib. Toplam Quzey Qafqaz regionlarının inkişafı üçün 600 milyard rubl federal büdcədən maliyyə vəsaitinin ayrılması yönündə müvafiq qərar da var. D. Medvedyev həmin vəsaitlə regionların inkişafı, konkret şəkildə hansı sahələrə yatırımlar qoyulması proyektlərini belə təsdiq edib. Bununla yanaşı, Quzey Qafqaz respublikalarında xarici dövlətlərə məxsus şirkətlərin də yatırımlar qoymaları üçün münbit şəraitin yaradılması üçün addımlar atıb. İndi Maxaçqala, Qorznı, Vladiqafqaz, Nalçik və digər şəhərlərdən xarici dövlətlərlə birbaşa təyyarə uçuşları belə təmin edilib. Quzey Qafqaz respublikalarına beynəlxalq iqtisadi forumlarda iştirak etməyə imkan yaradılıb. D. Medvedyevin özünün də etiraf etidiyi kimi modernləşmə texnologiyasının sayəsində Quzey Qafqaz regionlarının dotasiyalı statusunun ləğvi üçün tələb olunan bütün kommunikasiya şəraiti yaradılmalıdır. Çox təəssüflər olsun ki, belə bir uğurlu siyasətə qarşı bir sıra problemlər süni şəkildə yaradılmaqdadır:

1. Yerli hakimiyyətdəki qatı mühafizəkar etnomafiyaların maraqları və öz mövqelərini qorumaq üçün onlar tərəfindən gündəmə gətirilən dirənişlər,                                                                                                      2. Regiondakı kriminal biznes dairələrinin modernləmə siyasətinə qarşı aqressiv münasibəti,

3. Rusiyanın hakimiyyət dairələrindəki qatı mühafizəkar çevrələrin dotasiyalı regionlar hesabına qanunsuz yolla daim büdcədən mənimsəmə siyasətinin daşıyıcıları,

4. Quzey Qafqaz regionlarında Rusiya Müdafiə, Federal Təhlükəsizlik Xidməti, Federal Sərhəd Xidməti, Daxili İşlər nazirliklərinin maraqları,

5. Regionda idarəolunan kriminal qruplaşmaların din pərdəsi altında apardıqları siyasət və digər amillər “çeçen sindromu” adı altında həyata keçirilir. İndi bu regionda radikal islam şüarı altında “Yevgeni Primakov vəhhabizmi” və Səudiyyə Ərəbistanı üzərindən yönləndirilən “radikal islam” anlayışları mövcuddur. Çünki, bir tərəfdən Rusiyanın, digər tərəfdən isə ABŞ-ın maraqlarını təmin edən bu strategiya əslində Quzey Qafqaz xalqlarının ictimai və sosial şəraitinə sarıdıcı zərbələr vurmaqdadır. Süni şəkildə alovlandırılan sələfilik (vəhhabi) siyasəti burada əhalinin elmi, dünyəvi baxışlarının məhdudlaşması üçün hesablanmış bir strategiyadır. Son illər Quzey Qafqazda jurnalistlərin və insan hüquqları müdafiəçilərinin terror olunması, əslində yerli xalqların demokratik dünyaya həqiqətlərin çatdırılmasına qarşı yönləndirilmiş bir siyasətdir.

Rusiyanın mühafizəkar dairələrini ən çox qorxudan Azərbaycan və Gürcüstanda demokratik təsisatların inkişafı, sosial və iqtisadi yüksəlişin daha da irəli getməsidir. Çünki, bu iki Güney Qafqaz dövlətinin addım-addım inkişaf etməsi Quzey Qafqaz xalqlarının da bu prosesə təbii yolla inteqrasiya olunmasına səbəb ola bilər. İstər Quzey Qafqaz, istərsə də Güney Qafqaz xalqlarının etnokulturoloji mənada tarixi mədəni özəlliklərində demək olar ki, heç bir fərq yoxdur. Buna görə də həmin xalqlar Güney Qafqazdakı proseslərə asanlıqla adaptasiya olunmaq imkanlarına malikdirlər. Bütün bunları diqqətlə araşdıran Rusiyanın genologiya instututları həmin prosesləri önləmək üçün müxtəlif layihələr hazırlayırlar. Rusiya məhz bu faktorları nəzərə almaqla Quzey Qafqazda antiterror mərkəzləri yaradaraq prosesləri önləməkdə davam edir.

 

 

- Doğrudanmı, bu gün Çeçenistanda cərəyan edən hadisələrin kökündə radikal vahhabilik faktoru dayanır? Yoxsa, bu da rəsmi Kremlinin strateji taktikasıdır və ya uydurmasıdır...

 

- 1996-cü ildə 1-ci rus-çeçen müharibəsində çeçen xalqı qələbə çaldı. Dünyanın bütün azadlıqsevər qüvvələri bu qələbədə çeçen xalqının yanında durmuşdu. Hətta Rusiya demokratları belə Çeçen-İçkeriya Respublikasının dövlət müstəqilliyinin tanınması üçün ciddi mübarizə aparırdılar. Rusiya Çeçen-İçkeriya Respublikasının prezidenti mərhum Aslan Məshədovla hətta məşhur Xasavyurt Anlaşmasını belə imzaladı. Ancaq, çox təəssüflər olsun ki, 1997-ci ildən etibarən Çeçenistanda xarici və daxili qüvvələr tərəfindən silahlı kriminal qruplaşmalar və radikal islamçı təsisatlar yaradılaraq uzaq strateji siyasətlərə hesablanmış proseslərə yönləndirildilər. Orta Şərqdən milyonlarla dollar vəsait (həm Rusiyaya bağlı, həm də digər dövlətlərə bağlı) Çeçenistana yönəldilməklə həmin silahlı kriminal qruplaşmalara ötürülürürdü. Onlar ilk addım kimi Çeçenistanda şəriət dövlətinin qurulması, hər şeyin islam ehkamlarına tabe etdirilməsi şüarları ilə hərəkət edirdilər. Orta Şərqdə hələ də fəaliyyətləri qaranlıq olan “Əl Kaidə”, “Taliban”, “Cünbüşi İslami”, “Hizbu Təhrir”, “Cundullah”, “Ceyşullah”, “Riyadus Salixin” və digər radikal islamçı təşkilatların Çeçenistanda nümayəndəlikləri belə açıldı. Mövladi Uduqov, Məhəmməd Tsaqoraev, Məhəmməd Bahəddinov  və İsa Temişev  kimi şübhəli liderlər “İslam Milləti” və sonralar isə “Şəriət Alayı”, “Dağıstan-Çeçenistan Konfederasiyası” və digər provakasiyalara hesablanmış qurumlar yaratdılar. Mövladi Uduqovun rəhbərliyində “Qafqaz TV” adlı kanal isə bütün bunların əsas tribunasına çevrildi. 1999-cu ildə həmin bu TV kanalda “kafirlərin başı kəsilməlidir” təbliğatı gücləndirilməyə başladı. Hətta heç bir günahı olmayan bir gənc rus əsgərinin başının bu televiziyada adi bir bıçaqla necə kəsdildiyi canlı şəkildə nümayiş etdirildi. Prezident Aslan Məshədov və demokratik Çeçenistan tərəfdarları isə dilemma qarşısında qalmışdılar. Çünki, Rusiya düz üç il idi ki, Çeçenistanı iqtisadi cəhətdən blokadaya almışdı. Buna görə də regionun rəsmi hakimiyyət tərəfindən idarə olunması çox çətin idi. Rus əsgərinin başının kəsilməsi səhnəsi sonradan bütün dünyada antiçeçen təbliğatı üçün çox boyük rol oynadı. 1999-cu il avqust ayının sonlarından başlanılan 2-ci rus-çeçen müharibəsində Dünya Birliyi artıq Çeçenistanın və çeçen xalqının yanında durmadı. İndi mühacirətdə olan Çeçen-İçkeriya Hökumətinin baş naziri olan Əhməd Zakaev və onun tərəfdarlarının uzunmüddətli təbliğatlarından sonra yavaş-yavaş Çeçenistandakı həqiqətləri Dünya Birliyi anlamağa başlayıb.

Bu gün Çeçenistanda yaşanılan məşəqqətlərin başında Rusiyanın mühafizəkar dairələri tərəfindən silah gücünə hakimiyyətdə otuzdurulmuş Ramazan Qədriov durur. Bütün cinayətlər məhz onun əlilə həyata keçirilir. Bəllidir ki, Rusiya ordusunda xidmət edən adi bir zabitin aylıq maaşı orta hesabla 150 dollardır. Ancaq, neftlə zəngin olan Çeçenistanı əlindən buraxmaq istəməyən hərbi cinayət mafiyası regionda silahlı münaqişələri idarə etməklə, çeçen neftinin hesabına zənginləşmək siyasətini yürüdür. Hər gün bir uydurma silahlı münaqişə olayını gündəmə gətirməklə həmin hərbi cinayət mafiyası öz mövqeyini qorumaqda davam edir. Digər tərəfdən isə heç bir savadı olmayan Ramazan Qədriov onun əmrlərinə və yaratdığı rejimi qəbul etmək istəməyənlərə qarşı özünün nəzarətində olan hərbi cəza qüvvələrinin sayəsində regionda avtoritar rejim qurulub. Çox maraqlı hal odur ki, 2-ci rus-çeçen müharibəsinin yaranması üçün zəmin yaratmış Mövladi Uduqov, İsa Temişev və Məhəmməd Bahəddinov kimi liderlərə qarşı Rusiyanın hakim dairələri, hüquq-mühafizə orqanları heç bir cinayət axtarışı elan etməyiblər. Bu liderlər indi Qətər dövlətinin paytaxtı Doha, Səudiyyə Ərəbistanın paytaxtı Ciddə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərindəki ən bahalı villarlarda yaşayırlar. Onlar Rusiyanın tələbilə heç “İnterpol” tərəfindən belə axtarılmırlar. Ancaq, Çeçen-İçkeriya Hökumətinin rəhbərləri, onun tərəfdarları haqqında ağla belə gəlməyən ən ağır “cinayət işləri” uydurulubdur                                                

 

 - Neçə düşünürsünüz son illər Rusiya cənubi Qafqazda fəallaşıbmı?

 

 -  Rusiya Güney Qafqaza münasibətdə iki istiqamətdən önəm verir. Öncədən qeyd etdiyim kimi, modernləşmə və mühafizəkar siyasətin tərəfadarları özlərinin maraq dairəsində Rusiyanın Güney Qafqaz siyasətinə yanaşırlar. Dmitri Medvedyevin Azərbaycana son səfərində imzaladığı müqavilələrin son dərəcə strateji önəmi var. İlk dəfəydi ki, Rusiya rəsmiləri Azərbaycana konkret təkliflərlə gəlmişdilər. Azərbaycan-Dağıstan, Azərbaycan-İnquşetiya, Azərbaycan-Kabarda-Balkar, Azərbaycan-Qaraçay-Çərkəz münasibətlərində  uzun  müddət idi ki, tələb olunan qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin birbaşa həll edilməsi bu cür asanlıqla həll edildi. Dmitri Medvedyevin təklif etdiyi modernləşmə siyasəti əslində humanitar siyasətin tərkib hissəsidir. Yəni Rusiya güc tətbiq etməklə deyil, daha çox humanitar siyasətlə qarşılıqlı anlaşmaları gücləndirmək istəyir. Humanitar siyasətin tərkib hissəsi olaraq qarşılıqı şəkildə iqtisadi, ticarət əlaqələrinin qurulması, yatırımların gündəmə gətirilməsi, mədəni təsisatların hyaradılması və digər münasibətlər bu strateji hədəfin tərkib hissəsidir. Rusiya Ermənistanla hərbi ittifaqın müddətini uzaltmaqla əslində bu regiondakı əmlaklarını qorumağı hədəf seçibdir. Çünki, Ermənistan Rusiyaya olan dövləti borclarının qarşılığında bir sıra zavodların, fabriklərin, strateji obyektlərin bütün səhmlərini təhvil vermək məcburiyyətində qalıb. Güney Qafqazdakı münaqişələr bitdikdən sonra Rusiya həmin obyektlərin səhmlərini birə yüz qat qiymətinə satmağı düşünür. Çünki, Rusiyanın bu obyektlərdə marağı olsaydı ötən on ildə onları işlək duruma gətirərdi. Digər tərəfdən isə Aralıq və Qara dənizlərində Rusiyanın qara bazarda silah ticarətində demək olar ki, yolları bağlıdır. Buna görə də Ermənistan, Dağlıq Qarabağ, Abxaziya, Güney Osetiya tipli regionlarda “qara dəlik” siyasəti Rusiyanın maraq dairəsinə daxildir. Rusiyada qatı mühafizəkar güc mərkəzlərindən biri də HSK-dır (Hərbi Sənaye Komleksi). HSK-nın əsas gəlir mənbələrindən isə “qara bazar”da silah ticarətidir. Bu ticarət daha çox Orta Şərqdəki terrorçu çevrələrə və diktatura rejimlərinin gücləndirilməsinə yönəldilib. İraq, İran, Suriya, Əfqanlstan, Somali, Əfqanıstan, Yəmən, Pakistan, Hindistan və digər dövlətlərdəki terroçu qüvvələrin əlindəki silahlar Rusiyaya məxsusdur.

Rusiyanın Güney Qafqazda əsas problemi Gürcüstanladır. Belə ki, Gürcüstan və gürcülər tarix boyu dotasiya sayəsində yaşayıbdır. Bunu tarixi həqiqətlər də sübut edir. Osmanlı imperiyasının vaxtında bu dövlətdən yararlanırdılarsa, Rusiyanın hegemon gücə çevrilməsi prosesi başlayan kimi “xristian qardaşlığı” ideyası ortaya çıxdı. Bu dəfə gürcüləri Çarlıq Rusiyası yemləməyə başladı. Sovetlər Birliyi zamanı ən məhsuldar respublikalar olan Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistandan fərqli olaraq Gürcüstanın büdcəsi üçqat artıq idi. Çünki, Sovetlər Birliyinin qurulmasında gürcülər amansızcasına qan tökmüşdülər. İndi rus-sovet imperiyası çökdükdən sonra gürcülər yeni donorlar tapıblar. Bu Türkiyə, Azərbaycan, ABŞ və Almaniyadır. Rusiya sadəcə gürcülərdən intiqam almaq üçün onlara qarşı bunca barışmaz siyasət yürüdür. Hələlik Azərbaycanın apardığı strateji siyasətin sayəsində Gürcüstan öz mövcudluğunu saxlaya bilir. Çünki, Rusiyanın Güney Qafqaz siyasətini yürüdən bütün layihələrin müəllifləri ermənilərdirlər. Rusiya Elmlər Akademiyası Etnoqrafiya İnstitutu Qafqaz şöbəsinin 30 ildir müdiri erməni mənşəli Sergey Avanesovdur. Onun Gürcüstanla bağlı hazırladığı layihəyə əsasən Gürcüstan “Abxaziya”, “Güney Osetiya”, “Minqreliya”, “Cevaxk Erməni”, “Svanetiya”, “İmeretiya”, “Xevsuretiya” və “Kolxida” adları altında cırtdan dövlətlərə bölünməlidir. Bu mənhus siyasətin önündə bütün varlığı ilə dayanan tərəf isə Azərbaycandır. Çünki, Azərbaycanın dünya bazarına çıxış yolları və kommunikasiya vasitələri birbaşa Gürcüstanın ərazisindən keçir. Rusiya Azərbaycanın apardığı siyasi kursa görə Gürcüstana qarşı daha sərt və amansız siyasəti apara bilmir. Əgər Rusiyanın doğrudan da demokratik təsisatları dövlət siyasətinə çevrilərsə, bu zaman Güney Qafqazda onun mövqeyi şirkətlər, mədəni təsisatlar şəklində daha da güclənə bilər. İndi imperiya ambisiyalarına dayanıqlı güc siyasəti aparmaq heç bir dövlətə sərf etmir. Son illər Rusiyada baş verən iqtisadi və maliyyə böhranları da onun Güney Qafqazda böyük gücə çevrilməsi üçün bir sıra problemlər yaradıb. Buna görə də Rusiyanın Güney Qafqazda avtoritar siyasətə dayanıqlı şəkildə böyük bir gücə arxlanması heç də real görünmür.                                                                                                                                  

 

- Britaniyalı ekspert Tomas De Vaal qələmə aldığı məqaləsində belə fikir işlədir ki, nə Türkiyə, nə Rusiya, nə də Amerika Qafqazı tam ram edə bilməyəcək. Çünki, bu bölgənin özünə məxsus xususiyyətləri var...

 

-   Mən Tomas De Vaalı çox yaxşı tanıyıram. O da məni şəxsən tanıyır. Mən onun demək olar ki, Qafqazla bağlı bütün araşdırmalarını da diqqətlə oxumuşam. Mən bu ingilis tədqiqatçısına heç zaman inanmamışam. Qafqazla bağlı hələ orta əsrlərdə Avropa alimləri, səyyahları, tədqiqatçıları tərəfindən bu regionun necə işğal olunması, yağmalanması siyasətinin planları işlənilibdir. İndi də həmin prinsiplərlə Avropa Qafqaza münasibət göstərir. Çarlıq və Bolşevik Rusiyası Qafqazda əsasən xristian əhalisinə necə isti münasibət sərgiləyirdisə, indi də bunu Avropa davam etdirir. 1992-ci ildə BMT-də Azərbaycan dövlətinin müstəqiliyini tanımaqla yanaşı, həm də bu dövlətin ərazi bütövlüyünün tanınması da həmin dövlətlər tərəfindən təsdiq olunubdur. Ancaq, Azərbaycanın işğal olunmuş əraziləri məsələsində inadla susqunluq nümayiş etdirmələri, həmin dövlətlərin əksəriyyətində uydurma “erməni soyqırımı”nı tanımaları onların Azərbaycana olan münasibətlərinin nəticəsidir. Qafqazı əslində “ram” etməyə ehtiyac yoxdur. Qafqaza sadəcə ədalətli münasibət göstərilməlidir. Necə olur ki, Gürcüstanın işğal olunmuş ərazilərinin, Abxaziya və Güney Osetiya kimi məsələlərdə Avropa inadcıl mövqe sərgiləyir, gürcü qaçqınlarının öz evlərinə dönmələri üçün beştərəfli komissiyalar yaradır, ancaq, Azərbaycan məsələsində isə heç bir şey olmamış kimi susurlar. 2008-ci il 19 fevral tarixində Ermənistanda prezident seçkilərinin nəticələri nəinki saxtalaşdırıldı, eyni zamanda dinc nümayişçilər bu regionu idarə edən hərbi xuntaya bağlı silahlı qüvvələr  tərəfindən gülləbaran edildilər. Dünyanın demokratik dövlətlərində yaşayan erməni diaspor təşkilatları bu ağır faciənin nəticəsi kimi Ermənistana beynəlxalq humanitar yardımların edilməsi siyasətini dərhal durdurmağa məcbur oldular. İndi düz iki ildir ki, 8 milyonluq erməni diasporu Ermənistana və Dağlıq Qarabağa ianələr və yardımların olunması aksiyalarına qoşulmurlar. Ancaq, beynəlxalq siyasətin məxməri boyalı pərdəsinin arxasında Almaniya, Fransa, ABŞ, İtaliya, Belçika və digər xristian dövlətləri Ermənistana yetərincə humanitar və maliyyə yardımlarını edirlər. Bütün bunlar azmış kimi ərəb milliyyətçiliyi siyasətinə dayanıqlı olaraq ərəb dövlətləri belə (Misir, Birləşmiş Ərəb Əmirliyi, Suriya, İordaniya, Qətər, İraq, Liviya, Livan) Ermənistana yetərincə humanitar yardım göstərirlər. Bu dövlətlərin əsas strateji hədəfləri Qafqazda Türkiyə və Azərbaycanın mövqeyinin güclənməsini önləmək, erməni bölücülüyü siyasətinin ömrünü uzaltmaqdır. Mən belə hesab edirəm ki, Türkiyə, Azərbaycan və Gürcüstanın strateji müttəfiqliyi sayəsində Qafqazdakı tarixi və təbii axara dayanıqlı olan qavram bu yaxın illərdə daha da möhkəmlənəcəkdir.

 

- Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradıldı. İndiyə kimi iki qardaş dövlət arasında imzalanan sazişlərdən, bu, sazişin əhəmiyyəti nədən ibarətdir?

 

 -  Mən “türkdilli” deyiminin qəti əleyhinəyəm. Qısaca Türk Dövlətləri ifadəsi daha məntiqə uyğundur. “Türkdilli” terminini birdəfəlik ləğv etmək lazımdır. Böyük qırğız yazıçısı Çingiz Aytamatovla ilk dəfə Qırğızstanın Oş vilayətində 1991-ci ildə Moskva tərəfindən süni şəkildə yaradılan qırğız-özbək etnik münaqişəsinin qarşısını alan zaman biz bir şüarla irəli çıxmışdıq: “Hamımız Türk Atanın övladlarıyıq!” Bununla da həmin münaqişənin qarşısı alındı. Türk dövlətləri arasında bağlanılan hər bir stratreji əməkdaşlıqı uğurlu addım hesab etmək lazımdır. Mən hətta deyərdim ki, bütün Türk dövlətləri bu yöndə gecikirlər. Dünyanın siyasi-coğrafi mənzərəsində İngiltərə, ABŞ, Yeni Zenlandiya və Avstraliya adında ingilis dövlətləri mövcuddur. İki yüz ildən çoxdur bu dövlətlər arasında bütün sahələrdə strateji əməkdaşlıq yaşanılır. Ərəb Dövlətləri Liqası var. Niyə Türk Dövlətləri Birliyi mövcud olmasın.

Özümün şəxsi qənaətimə görə mən indiki Türkiyə iqtidarına inanmıram. Çünki, hakimiyyətdə olan AKP iqtidarı böyük Mustafa Kamal Atatürkün təkidi ilə Ana Yasada qeyd olunan “Türkiyə Cümhuriyyətində yaşayan hər bir vətəndaş türkdür”, onun bütün dünyada çox məşhur olan “Nə xoşbəxtəm türkəm!” deyimini ləğv etdirmək istəyir. Hətta AKP iqtidarının baş naziri Rəcəb Təyyib Ərdoğan Atatürkün bu ifadələrini “faşizm”, “irqçilik” adlandırıb. Halbuki TÜRK sözünün qədim sami (yəhudi və ərəb) dilində mənası İNSAN deməkdir. Atatürkün bu bəşəri deyimlərinə qarşı çıxmaq çox böyük qəbahətdir.

Türk Dövlətləri başçılarının İstambulda keçirilən 10-cu zirvə toplantısında imzalanan yeni anlaşmalara qədər biz öz təkliflərimizi bildirmişdik. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində Türkiyəyə məxsus kiçik bir hərbi eskdarliyanın yerləşdirilməsi ən böyük uğurlu addımlardan biri ola bilər. Çünki, məşhur Qars müqaviləsi hələ də öz qüvvəsini saxlayır. Digər tərəfdən isə bədxah qonşumuz Ermənistan Naxçıvana qarşı ərazi iddiasını sərgiləməkdədir. Hətta beynəlxalq birliyi özünün mənhus niyyətlərinə inandırmaq üçün çoxsaylı təşkilatlar belə qurubdur. Ermənilər bölücü Dağlıq Qarabağla bağlı Rusiya, Fransa. ABŞ, Livan, Almaniya, Belçika, Hollandiya, Argentina və digər dövlətlərdə özlərinin xüsusi nümayəndəliklərini açıblar. Sabah da Naxçıvanla əlaqədar bu addımı ata bilərlər. Buna görə də Azərbaycanın xarici işlər nazirliyi həmin dövlətlər qarşısında iddia qaldırmalıdır. Türk Dövlətləri bir araya gələrək indiki məqamda Ermənistan dövlətini tanımamaq, Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal boşaldılması barədə qəti qərarlar verməlidirlər. Bu sıraya Pakistanı da əlavə etmək olar. Çünki, Pakistan heç zaman özünü  Türk Dünyasından ayrı hesab etməyib. Bu gün Əfqanıstanda “Taliban rejimi”ni yıxmaq adı altında ABŞ və onun Qərb müttəfiqləri əslində bu regionu İraqdakı kimi özünün tam nəzarətinə almaqla, əsas strateji hədəf Orta Asiyanın bütün enerji qaynaqlarını, digər təbii sərvətlərini Pakistana məxsus limanların sayəsində dünya bazarına çıxarmaqla, Türk Dünyasının inteqrasiyasının qarşısını almaqdır. İraqın quzeyində süni şəkildə yaradılan “Kürdüstan Muxtariyyəti” strategiyası bütün bunlara örnəkdir. Üç milyon yarımlıq türkman əhalisinin torpaqlarında kürdlərə məxsus bir dövlət strukturunun yaradılması, onların beynəlxalq müstəvidə tanıdılması, silahlandırılması məhz ABŞ və onun Qərb müttəfiqləri tərəfindən tətbiq olunubdur. Türk Dünyası dünyanın antitürk mərkəzlərinin stratreji hədəflərinin qarşısını almaq üçün daha sıx şəkildə uzunmüddətli iqtisadi interqasiya modellərinin bu tətbiqinə çalışmalıdır. Təbii olaraq  interqasiya mədəni, elmi, sosial müstəvidə özünün dayaqlarını da gücləndirəcəkdir. Çünki, bunun təbii söykəmlərinin dərin qatları bu yöndə böyük imkanlara malikdir.

 

-  Gələcəkdə də digər türk dövlətləri ilə də, belə bir saziş imzalana bilərmi?

 

 - Türk Dövlətləri arasında inteqrasiyanın inkişaf etməsi üçün ilk addım olaraq, buraya daxil olan dövlətlərin hər birində Türk Dünyası Araşdırma Mərkəzləri yaradılmalıdır. Bu mərkəzlər dövlətlərarası iqtisadi, maliyyə, ticarət, mədəni, təhsil və sair sahələr üzrə proqramlar hazırlamalıdırlar. Hər il biznes forumlar, sərgilər təşkil edilməlidir. Bu mərkəzlərin nəzdində informasiya bazaları yaradılmalıdır. Dövlətləri olmayan türk topluluqları ilə də inteqrasiya layihələri hazırlanmalıdır. Hər il Türk dünyasının inkişafı üçün aparılan elmi tədqiqatların müsabiqəsi keçirilməlidir. Qarşılıqlı tələbə mübadiləsi aktiv duruma gətirilməlidir. Etnoqrafik təfəkkür tərzində mövcud olan bəzi sterotiplərdən daha çox, reallığa çevrilə biləcək layihələr birgə maliyyələşdirilməlidir. Türk Dünyası anlamı bu dövlətlərin bütün dərsliklərində daha geniş şəkildə tədris olunmalıdır. Türk Dünyasının iqtisadi və maliyyə imkanlarının gücləndirilməsi yönündə xüsusi bank yaradılmalıdır. Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və Rekonstruksiya Bankı, İslam İnkişaf Bankı və digər bu növ beynəlxalq təcrübələrə istinad edilməlidir. İnteqrasiya modelləri özü bütün vacib şərtlərin rəsmiləşməsinə imkanlar yaradır. Çox təəssüflər olsun ki, Türk Dünyası məsələsi etnoqrafik baxış bucağında məhdudlaşdırılır. Türk Dünyasının inteqrasiyası prosesində ən çox udan tərəf Azərbaycan olacaq. Çünki, bu prosesin başlanılması həm də Güney Azərbaycan sorununun birdəfəlik həlli deməkdir. Türk Dünyasının uzlaşdırılmış şəkildə inkişafı həm də türk dilinin dünyanın işlək dillərindən birinə çevrilməsinə səbəb olacaq. Bunu BMT-də, eləcə də dünyanın bütün güc mərkəzlərində çox yaxşı anlayırlar. Belə olduğu təqdirdə, bizlərin dünyaya çıxışımız üçün ərəb, ingilis, rus, alman, fransız və digər dillərə görə beyinlərimizin axını da durdurulacaq. Çünki, Türk Dünyası ilə işbirliyinə gedən hər kəs artıq türk dilini bilməyə məcbur olacaq. 400 milyonluq bir toplumun dili və ona məxsus geniş coğrafi siyasət bütün dünyanı buna diqqətli olmağa və hörmət göstərməyə məcbur edəcək. Möhtəşəm xalı kimi Türk Dünyasının ilmələri daha sıx çeşnidə olmalıdır. Hər bir dövlətin rəsmi mərasimlərində bütün dövlət və hökumət başçıları birgə iştirak etməlidirlər. Bu yöndə görüləsi çox işlər var. Sadəcə bu prosesi sürətləndirmək lazımdır.     

 

Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar