SON XƏBƏRLƏR

Qabil Hüseynli: Qərb Ermənistanın yaranma tarixinin açılmasına imkan vermir

2021.10.20, 07:36
Qabil Hüseynli: Qərb Ermənistanın yaranma tarixinin açılmasına imkan vermir

Gunaz.tv

GünAzTv: Prezident İlham Əliyevin müasir erməni dövlətinin qədim Azərbaycan torpaqları hesabına yaradılması barədə çıxışı Ermənistanda ciddi təlaş yaradıb. Hələ bu ölkənin prezidenti Serj Sərkisyan bu tarixi həqiqəti dilə gətirərək sərsəmləyib də.

Qeyd edək ki, Qərbi Azərbaycan torpaqları mövzusu Azərbaycanda zaman-zaman gündəmə gətirilib. Ancaq tarixi Azərbaycan torpaqlarının taleyi ilə bağlı tələblər indiyə qədər yalnız tarixçilər, eləcə də əsasən Qərbi Azərbaycandan olan ictimai-siyasi xadimlər tərəfindən irəli sürülüb. Və bu tarixi həqiqət demək olar ki, Azərbaycan sərhədlərindən kənarda tirajlanmayıb.

Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycanın tarixi torpaqlar məsələsini gündəmə gətirməsi mühüm əhəmiyyət kəsb edir.  Q.Hüseynlinin sözlərinə görə, Qarabağ probleminin köklərinin öyrənilməsi, kimin haqlı, kimin haqsız olması məsələsi heç zaman beynəlxalq qurumlar tərəfindən araşdırılmayıb: “Zaman-zaman bu məsələ gündəmə gətiriləndə bir qayda olaraq deyirlər ki, bu, tarixçilərin məsələsidir, bunun münaqişənin həlli ilə heç bir əlaqəsi yoxdur. Halbuki bu problemlərin tarixi kökünü, baş vermə səbəblərini öyrənmədən onun bu günü haqda ədalətli hökm vermək olmaz. Göyçə, Zəngəzur Azərbaycan torpaqlarıdır. Ən azı bir fakt ortada var ki, 11-ci əsrdə Zəngəzurda, Göyçədə Səlcuq türkləri yaşayıblar və 1071-ci ildə baş verən Malazgird savaşından sonra isə Səlcuq türkləri bütün Anadoluya yayılıblar. Həmin vaxt indiki Ermənistan ərazisində nəinki erməni , hətta Eçmiədzin kilsəsi belə yox idi. Həmin vaxt ermənilər Mesopotamiya ərazisində, Dəclə və Fərat çayları sahillərində səpələnmiş halda, yarımkölə formasında yaşayırdılar. 1918-ci il mayın 27-də Zaqafqaziya Seymi dağıldıqdan sonra erməni dövləti yaradıldı”. Politoloq dedi ki, məsələnin tarixi tərəfinin araşdırılmasının çox böyük əhəmiyyəti var: “Çünki məhz tarixi araşdırma ilə bu torpaqların əsl sahibinin kim olması sualına cavab tapa bilərik”. Bu gün mövcud olan əksər dövlətlərin əhalisinin böyük əksəriyyətinin tarixdə iki dəfə baş verən “xalqların böyük köçü” zamanı yer dəyişdiyini xatırladan həmsöhbətimiz ermənilərin hazırkı Ermənistan ərazisinə ilk gəlişinin 1514-cü ildən sonra baş verdiyini bildirdi: “Ermənilər qədim tarixdə Mesopotamiya ərazisində yaşayıblar, hərçənd ki, türklər də bu əraziyə iddia edirlər. Ermənilərin Qafqaza gəlişi 1514-cü il Çaldıran döyüşündən sonra baş verdi. Həmin müharibədən sonra Mesopotamiyanı ələ keçirən türklər oradan erməniləri Eçmiədzin ərazisinə köçürdülər. Yalnız bundan sonra ermənilər Eçmiədzində kilsə tikiblər və bu ərazidə yerləşiblər. Ancaq Zəngəzur, Göyçə və digər hazırda Ermənistan və qismən Gürcüstan ərazisinə düşən torpaqlarda ermənilər yaşamayıblar”.  Bəs indiki anda Azərbaycan beynəlxalq səviyyədə Qərbi Azərbaycan məsələsini qaldırarsa, bu, Qarabağ danışıqlarına, ümumiyyətlə, diplomatik sahədə ölkəmizə nə vəd edə bilər? Q.Hüseynli: "Bunun ölkəmizə  heç bir ziyanı yoxdur. Məsələ burasındadır ki, Qərb münaqişənin həllində Ermənistanın yaranma tarixinin açılmasına imkan vermir. Çünki onlar başa düşür ki, məsələyə tarixi nöqteyi-nəzərdən yanaşma ermənilərin təcavüzkar olduqlarının təsdiqini tələb edir. Ona görə də bu münaqişənin həllində tarixi faktların ortaya qoyulmasını istəmirlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar